"Keşlə"nin futbolçusu: "Vurduğum qolu soyuqqanlı qeyd etməyim Qurban Qurbanova mesaj deyildi" - MÜSAHİBƏ

"Keşlə"nin futbolçusu: "Vurduğum qolu soyuqqanlı qeyd etməyim Qurban Qurbanova mesaj deyildi" - MÜSAHİBƏ Slavik Alxasov: "Top tam istədiyim kimi ayağıma oturdu"
Futbol
2 Aprel , 2018 11:57
Keşlənin futbolçusu: Vurduğum qolu soyuqqanlı qeyd etməyim Qurban Qurbanova mesaj deyildi - MÜSAHİBƏ

Bakı. 2 aprel. REPORT.AZ/ “Keşlə” klubunun futbolçusu Slavik Alxasovun Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra “Report”a müsahibəsi...

- Liderlə görüşdə bir xal qazandığınızı üçün sevinirsiniz, yoxsa qələbəni əldən verdiyinizə görə təəssüflənirsiniz?

- “Qarabağ”la görüşə çox ciddi hazırlaşmışdıq. Bu komandaya qarşı oynamaq bir başqadır. Çünki “Qarabağ” Avropa səviyyəli kollektivdir. Həm də onların futbolçuları fərdi olaraq güclüdürlər. Fikrimcə, qarşılaşmanın ədalətli nəticəsi elə 1:1-dir. Bu rəqiblə səfərdə əldə olunan heç-heçə qələbəyə bərabərdir.

- “Zirə”dən sonra “Qarabağ”la görüşdə də fərqləndiniz. Özü də baxımlı qolla hesabı açdınız...

- Qol həqiqətən yaxşı alındı. Qapıçı üçün əlçatmaz zərbə idi. Top tam istədiyim kimi ayağıma oturdu. Açığı, bu cür zərbələrin üzərində işləyirəm.

- Qolu bir qədər fərqli, sakit formada qeyd etdiniz. Əllərinizi yana açmağınız həm də Azərbaycan millisinin baş məşqçisi olan Qurban Qurbanova "mən də varam" mesajı deyildi?

- Qola bir az soyuqqanlı şəkildə sevindim. Bilmirəm niyə, amma belə alındı. Lakin bu, Qurban Qurbanova mesaj deyildi. Sadəcə, elə sevindim. Qurban müəllim bütün oyunçulara baxır. O, kimin nəyə qadir olduğunu bilir. Yığmanın son toplanışında da demək olar ki, bütün klublardan oyunçu çağırdığını gördük. Deməli, bu, bizim üçün də bir şansdır. Yəni, kim klubunda oynayırsa, dəvət edir. İnanıram ki, mənə də qismət olar.

- Əvvəlki klublarınızda da hücuma davamlı qoşulmusunuz, amma indiki qədər aktiv olmamısınız. Bu, yeni baş məşqçinin göstərişidir?

- Bəli, sırf Yuri Maksimovun qərarıdır. İstəyir ki, davamlı hücumda olum. Bizə birə-bir oynamağı və pressinq tətbiq etməyi tapşırır.

- Bu gedişlə yığmanın növbəti toplanışına dəvət alacağınıza ümid edirsiniz?

- Hər şey özümdən asılıdır. Qalan turlarda da özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.

- Son turlarda “Keşlə”nin oyununda da irəliləyiş hiss olunmaqdadır. Yüksəlişi nə ilə əlaqələndirərdiniz?

- Maksimov müdafiədə oturmamağımızı, irəlidə pressinq tətbiq etməyimizi istəyir. “Qarabağ”la oyundan qabaq dedi ki, cavabdeh mənəm, hesabdan asılı olmayaraq müdafiədə oturmayın. Fikrimcə, bunun bəhrəsini gördük. Qızğın oyun alındı.

- İrəliləyişə rəğmən, baş məşqçiniz “Keşlə”nin futbolçularının gücünün 60 dəqiqə oynamağa yetdiyini söyləyib. Bu fikirlə razısınız?

- Baş məşqçinin işinə qarışa bilmərəm. Kənardan daha yaxşı görünür. Belə düşünürsə, yəqin ki, bunun üçün əsası var.

Son xəbərlər

Orphus sistemi