"Kəpəz"in 65 metrdən qol vuran futbolçusu: "Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım"

"Kəpəz"in 65 metrdən qol vuran futbolçusu: "Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım" "Oyun başlayandan fikri verirdim ki, rəqib qapıçı çox irəli çıxır"
Futbol
9 Sentyabr , 2017 20:47
Kəpəzin 65 metrdən qol vuran futbolçusu: Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım
Foto: pfl.az

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında “İnter”ə 2:3 hesabı ilə məğlub olan “Kəpəz”in futbolçusu Kərim Diniyev jurnalistlərin suallarını cavablandırıb.

“Report” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 65 metrdən vurduğu qolu da şərh edib.

Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...

- Oyuna pis başladıq. Gözləmədiyimiz halda, ilk 32 dəqiqədən sonra 0:3 hesabı ilə geri düşdük. Standart vəziyyətlərdən sadə qollar buraxdıq. Sonra toparlanmağı bacardıq, 2 qol vurduq. İkinci hissədə tempi artırmalıydıq, amma bacarmadıq. Geri dönüş edə bilmədik.

Məğlub olsanız da, 65 metrdən gözəl qol vurdunuz...

- Oyun başlayandan fikri verirdim ki, rəqib qapıçı Orxan Sadıqlı çox irəli çıxır. Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu.

Bu qol sizə əlavə motivasiya verəcək?

- Belə qollar tez-tez olmur. Qəbul etmək lazımdır, hər oyun vursam, girməz. İldə bir dəfə olan qoldur. Niyyətim qapı idi. Çünki tez-tez qabağa çıxdığını görürdüm. Anı gözləyirdim.

Bildiyimiz qədər məşqlərdə də bu cür zərbələr vurursunuz...

- Pis çıxmasın, normal zərbəm var. Çalışıram vuram. Bu gün alındı.

Məşqlər zamanı öz qapıçınıza belə qol vurmusunuz?

- Bu məsafədən vurmamışam.

Bütün standart vəziyyətlərdə qapıya zərbə endirirdiniz. Bu, Sadıqlının boyunun balaca olması ilə əlaqədardır?

- Komandaya xeyir verəcək zərbə vurmağa çalışırdım.

Bu, mövsümün qolu ola bilər?

- Hələlik danışmaq tezdir. Qarşıda 24 tur var.

Daha sonra cərimə zərbəsindən də qapını nişan aldınız. Bu, qolun verdiyi inam idi?

- Belə də demək olar. Qoldan sonra inam gəlmişdi. O da pis alınmadı, təhlükəli oldu.

Fasilədən sonra baş məşqçi bu cür zərbələri təkrarlamağınıza dair göstəriş verdi?

- Nəinki bu oyunda, bütün matçlara uzaqdan zərbə vurmağı tapşırır. Düzdür, bu məsafədən söyləmir. Deyir ki, nisbətən yaxından qapını yoxla.

Dörd turan sonra 1 xalınız var...

- Vəziyyət yaxşı deyil. Oyun sarıdan problemimiz yoxdur. Üstün oynadıq. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Həmçinin sürəti artırmağı bacarmadıq. İnşallah, düzələcək, yaxşı olacaq.

Son xəbərlər

Orphus sistemi