Yuxarı

Kazbek Tuayev: "Pulun yoxdursa, futbol oynamağın nə mənası?"

AFFA İK üzvü Zirə variantını təkzib edib

Bakı. 12 may.REPORT.AZ/ "Lisenziyalaşdırma Komissiyasının çıxardığı qərarları böyük məmnunluqla qarşıladım". Bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Kazbek Tuayev deyib.

Təcrübəli mütəxəssis "Zirə" və "Kəpəz"ə gələn mövsüm Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilməsini dəstəkləyib. Onun fikrincə, müasir dövrdə futbolda maddi amillər böyük əhəmiyyət kəsb etməyə başlayıb: "Futbol oynayanların pulu olmalıdır. Premyer Liqada lisenziyalaşdırma tələblərinə cavab verən komandalar çıxış etməlidirlər. Pulun yoxdursa, futbol oynamağın nə mənası?"

K.Tuayevin sözlərinə görə, gənc rəhbərliyə, gözəl maddi-texniki bazaya və infrastruktura malik "Zirə" klubu Premyer Liqada layiqincə təmsil olunmağa hazırdır. "Kəpəz"ə gəldikdə, İK üzvü AFFA rəhbərliyinin Gəncədə futbolun yaşaması üçün əlindən gələni etdiyini bildirib: "Yəqin ki, AFFA-nın da dəstəyi ilə "Kəpəz"ə sponsor tapılacaq və bu komanda yenidən öz sözünü deməyə başlayacaq".

Son zamanlar K.Tuayevin "Zirə"yə baş məşqçi təyin olunacağı barədə xəbərlər dolaşır. Bu məsələnin Premyer Liqaya vəsiqə məsələsi rəsmiləşdikdən sonra tam həllini tapacağı bildirilir. Lakin veteran futbolçu belə xəbərlərin həqiqətə uyğun olmadığını söyləyib. O, artıq 10 ildən çoxdur baş məşqçi karyerasını başa vurduğunu açıqlayıb: "Mən 2004-cü ildən baş məşqçi deyiləm. AFFA İcraiyyə Komitəsinin üzvü, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinin direktoruyam. Məktəbimizin futbolçularının müxtəlif komandalarda oynaması üçün müqavilələr bağlamışıq. Baş məşqçi olduğum vaxt müxtəlif komandalarla 4 dəfə Azərbaycan çempionluğu, 2 dəfə ölkə kubokunu qazanmışam. Amma artıq bu vəzifə mənlik deyil. "Neftçi"yə azarkeşlik edir, vaxtilə mənimlə birgə çalışmış Qurban Qurbanov, Elçin Rəhmanov, Zaur Tağızadə və Rəşad Sadıqovun "Qarabağ"dakı uğurlarına sevinirəm".

"Neftçi"nin sabiq futbolçusu və baş məşqçisi hazırda bu komandada baş verən proseslərə də münasibət bildirib. 75 yaşlı mütəxəssis klub rəhbərliyi və baş məşqçiyə dəstək verib: "3 futbolçunun əsas heyətdən kənarlaşdırılması klubun daxili işidir. Hər bir klubda dəyişikliklər zamanı çox şey baş verə bilər. Arif Əsədov yaxşı baş məşqçidir. Hazırkı məqamda ona və klubun Müşahidə Şurasına dəstək vermək lazımdır".

Qeyd edək ki, "Zirə" hazırda Azərbaycan çempionatının I Divizionunda 5-ci, "Kəpəz" isə 9-cu pillədədir. Kazbek Tuayev 1994-cü ildə "Turan"la, 1996, 1997 və 2004-cü illərdə "Neftçi" ilə Azərbaycan çempionu olub. O, həmçinin flaqmana 1996 və 2004-cü illərdə ölkə kubokunu qazandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi