Kamran Quliyev: "Rəqibin baş məşqçisinin belə danışması normaldır" - MÜSAHİBƏ

Kamran Quliyev: "Rəqibin baş məşqçisinin belə danışması normaldır" - MÜSAHİBƏ Bu nəticə ilk oyun üçün pis deyil. Qələbə münasibətilə bütün “Neftçi” camiəsini təbrik edirəm. Çətin idi. Çünki ilk oyunumuza çıxmışdıq, komanda hazır deyildi. Kollektivin fiziki hazırlığı 50-60 faizdir. Bu gün daha üstün səviyyə sayəsində qalib gəldik. Yaxşı qələbədir, xüsusilə ona görə ki, qol buraxmadıq.
Futbol
12 İyul , 2019 11:00
Kamran Quliyev: Rəqibin baş məşqçisinin belə danışması normaldır - MÜSAHİBƏ

"Bu nəticə ilk oyun üçün pis deyil. Qələbə münasibətilə bütün “Neftçi” camiəsini təbrik edirəm. Çətin idi. Çünki ilk oyunumuza çıxmışdıq, komanda hazır deyildi. Kollektivin fiziki hazırlığı 50-60 faizdir. Bu gün daha üstün səviyyə sayəsində qalib gəldik. Yaxşı qələbədir, xüsusilə ona görə ki, qol buraxmadıq".

Bunu "Report"un Moldovaya ezam olunmuş əməkdaşına müsahibəsində “Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının I təsnifat mərhələsində “Sperantsa”ya Kişinyovda 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. Klub rəhbəri digər sualları da cavablandırıb...

- Belə böyük hesabla qalib gələcəyinizi gözləyirdiniz?

- Əvvəldən fikirləşirdik ki, komanda lazımi qaydada köklənsə, istədiyimiz nəticəni qazana bilərik. Böyük və ya kiçikhesablı qələbə barədə düşünmürdük, əsas məqsədimiz burada qol buraxmadan qalib gəlmək idi.

- Cütün taleyinin həll olunduğunu demək olar?

- Heç vaxt. Avrokuboklarda nəticə iki oyuna görə müəyyənləşir. Cavab matçını öz meydanımızda keçirəcəyik. Bəzi məqamlar var idi ki, bizə çətinlik yaradırdı. Fiziki durumumuzun ən yüksək səviyyədə olmadığını artıq qeyd etdim. Digər tərəfdən, matçdan öncə meydan sulanmadı. Meydan kifayət qədər sərt idi.

- Meydanın sulanmasını rəqib istəmədi?

- Bəli. Biz müraciət etmişdik.

- Səbəb nə idi?

- Bu, onların haqqıdır. Yəqin ki, bizim sürətli futbolçularımızdan ehtiyat etdilər.

- "Sperantsa"nın baş məşqçisi Kristian Yefros görüşdən öncə iddialı danışmışdı. Hətta demişdi ki, biz “Real Madrid”lə də qarşılaşsaq, öz komandamı favorit hesab edəcəyəm. Sizcə, “Neftçi” öz oyunu ilə onların cavabını verə bildi?

- Biz bura kiməsə cavab vermək üçün gəlməmişdik. Məqsədimiz öz oyunumuzu keçirib, qələbə ilə azarkeşlərimizi sevindirmək idi. Yəqin ki, baş məşqçi öz komandasını bu cür motivasiya etmək istəyirdi. Bu da normal haldır. Həm də yaddan çıxarmamalıyıq ki, rəqib öz azarkeşləri qarşısında oynayırdı. Gözləyirdiniz ki, rəqib komandanın baş məşqçisi “Neftçi” cütün favoritidir" desin? Düşünürəm ki, onun belə danışması normaldır.

- “Neftçi”nin transfer fəaliyyəti bitib, yoxsa yeni futbolçular olacaq?

- Ola bilər ki, daha bir transferimiz olsun.

- Bu, legioner olacaq?

- Bunu deməyəcəyəm. Biz həm yerli, həm də əcnəbi futbolçulara baxırıq. Söhbət haradan gəldiyində deyil. Əsas odur ki, bizə yarayan futbolçu olsun. Hazırda bununla bağlı iş gedir. Yeni transferin olacağı 100 faiz deyil, ancaq ehtimal var.

- Sizcə, “Forza Neftçi”nin bu qədər məsafə qət edib, Kişinyova gəlməsi komandanın oyununa necə təsir etdi?

- 180 dərəcə. Bir-bir onların hamısına – gələnlərə də, gəlməyənlərə də minnətdarlığı bildirirəm. Bu boyda yol gəlmələri fədakarlıqdır. Onlara təşəkkür düşür. İstəyirik ki, həmin azarkeşlər sağ-salamat evlərinə qayıtsınlar və ayın 18-də - cavab matçında bizi dəstəkləsinlər.

Son xəbərlər

Orphus sistemi