Klublar Komitəsinin sədri: "Nəhayət, bütün klublarda vahid fikir yaranıb"

Klublar Komitəsinin sədri: "Nəhayət, bütün klublarda vahid fikir yaranıb" "Təkliflərimiz hazırlanacaq və AFFA-nın müvafiq şöbəsinə təqdim olunacaq"
Futbol
15 Fevral , 2017 14:42
Klublar Komitəsinin sədri: Nəhayət, bütün klublarda vahid fikir yaranıb

Bakı. 15 fevral.REPORT.AZ/ "Gündəlikdə iki məsələ var idi. Uşaq komandalarının yarışlarının keçirilməsi və əvəzedicilərin oyunlarının formatı ilə bağlı. Ona görə də, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevi də dəvət etmişdik". 

"Report"un məlumatına görə, bunu AFFA-nın Klublar Komitəsinin (KK) sədri Kamran Quliyev bu gün baş tutan iclasdan sonra keçirdiyi brifinqdə deyib.

Eyni zamanda "Sumqayıt" klubunun prezidenti olan Quliyev uşaq futbolu ilə bağlı mövzuya toxunub:

"Bilirsiniz ki, U-15 Liqasından U-19 Liqasınadək çempionat dövrəli sistemlə keçirilir. Lakin nisbətən aşağı yaş qruplarında qrup sistemidir. Orda da qrup mərhələsi martda bitir və final mərhələinə yüksələ bilməyən komandalar oyun praktikasından məhrum olur. Bununla bağlı "Zirə" klubundan təklif gəlmişdi ki, həmin komandalar arasında turnir təşkil olunsun. Bu barədə gələn iclasımızda təkliflərimiz hazırlanacaq və AFFA-nın müvafiq şöbəsinə təqdim olunacaq".

KK sədri əvəzedici komandaların oyunlarının Premyer Liqa klublarının matçlarından bir gün sonra keçirilməsi məsələsinə də toxunub: "Bu təklif daha öncə də var idi. Nəhayət, bütün klublarda vahid fikir yaranıb. Ona görə də, bununla bağlı yaxın günlərdə Peşəkar Futbol Liqasında müraciət edəcəyik. Biz dünyada olan praktikanı təhlil etdik. Bir çox ölkədə əvəzedicilərin çempionatı fərqli formatda keçirilir. Onlarda Premyer Liqaya bağlılıq yoxdur. Bizdə əsas məsələ komandanın tərkibində 21 yaşadək bir oyunçunun mütləq meydanda olmasıdır. Baş məşqçilər ehtiyatda qalacaq oyunçuları müəyyənləşdirəndə ən azı 2 gənci nəzərdə tuturlar. lakin əksər hallarda onlar meydana çıxmırlar. Üstəlik, o futbolçular əvəzedicilərə qatıla bilmirlər. Əgər gənc oyunçu əvəzedicilərdə oynamırsa, bu, yaxşı hal deyil".

Son xəbərlər

Orphus sistemi