Kamran Quliyev: "Neftçi" və "Sumqayıt" arasında maraqlı mübarizə gedəcək" - MÜSAHİBƏ

Kamran Quliyev: "Neftçi" və "Sumqayıt" arasında maraqlı mübarizə gedəcək" - MÜSAHİBƏ "İnanıram ki, qələbələrin davamı gələcək"
Futbol
4 Mart , 2018 19:53
Kamran Quliyev: Neftçi və Sumqayıt arasında maraqlı mübarizə gedəcək - MÜSAHİBƏ

Bakı. 4 mart. REPORT.AZ/ "Neftçi"nin prezidenti Kamran Quliyev səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib...

- Çətin oyun oldu. Əvvəlcə topa biz nəzarət edirdik, sonradan "Qəbələ" təşəbbüsü ələ aldı. Oyunu izlədiniz. Bu barədə əlavə şərhə ehtiyac yoxdur. Qolu gözləmədiyimiz halda buraxdıq. Elə bir epizodda qapımızda qol gördük ki, bu, oyunun gedişatının əksinə baş verdi. İkinci hissədə isə komandamızın oyununda dəyişiklik baş verdi. Görünür, baş məşqçimiz fasilədə komandaya lazımi sözləri, tapşırıqları çatdırdı. Əsas odur ki, qələbə - 3 xal qazandıq. Mübarizəni davam etdiririk. Avropa Liqasına vəsiqə şansımız var. Komandamız ümidlənir, görünür ki, ab-hava düzəlir. Bu da oyunlara öz təsirini göstərir. "Qəbələ" kimi komandanı səfərdə yenmişik. Buradan tək-tük komanda xal apardığı halda, biz Bakıya 3 xalla qayıdırıq.

Bu qələbəni gözləyirdiniz?

- Bəli, gözləyirdik. Bu, mən gəldim deyə deyil. Komandamız özünə gəlir. Düzdür, qışda problemlər olub. Amma sonradan "Neftçi" öz oyununu tapmağa başlayıb.

Yəni, əvvəlki "Neftçi"nin qayıdacağına ümid etmək olar?

- Təbii ki, ümidlənmişik. Oyunumuz da pis deyil. Çətin rəqibə qarşı belə oyun sərgiləmişik. Bu, hələ istədiyimizin 60-70 faizidir. Hesab edirəm ki, daha güclü performans ortaya qoya bilərik.

Qış fasiləsində "Neftçi" hücum xəttinə Lukas Qomeşin transferini gerçəkləşdirdi. Amma yenə də qolları Mirabdulla Abbasov vurur...

- Çox yaxşı. Deməli, Abbasov hücum xəttində ciddi rəqib olub.

Siz paltardəyişmə otağına daxil olduqdan sonra alqış sədaları eşidildi. Deyəsən, yaxşı mükafat vəd etmişdiniz?

- İlk növbədə, hamını təbrik etdim. İkincisi də qələbəyə görə sevinirlər də... Təkcə mənə görə sevinmirlər ki?! Bəli, təbii ki, nə isə olmalıdır. Stimul, motivasiya olmalıdır. Amma biz ilk növbədə, ab-hava ilə məşğul oluruq. Bu da özünü yavaş-yavaş büruzə verməkdədir. Vaxt lazımdır.

İlk yarıda hesabda geri düşdüyünüz vaxt komandanızda nə çatışmırdı?

- Özünəinam. "Neftçi"nin hər bir futbolçusu bu klubun üzvü olduğunu bilməlidir. O, istənilən rəqibə qarşı inamlı oyun ortaya qoymalıdır. Düzdür, bizdə bir neçə nisbətən gənc futbolçu var. Onların oyununda həyəcan görünür. Amma belə oyunlar, əzmkar qələbələr, xarakter göstərmək futbolçulara əlavə inam, stimul verir.

"Bütün komandadan razı qaldım" deyə ümumi ifadəni işlətməsəniz, kimi oyunun qəhrəmanı sayarsınız?

- Bunu demək istəmirəm. Çünki hər kəsin rolu böyükdür. Ayrı-ayrılıqda heç kimi qeyd etmirik. Biz "Neftçi" futbol klubuyuq və bu qələbədə hər kəsin payı var. İnanıram ki, qələbələrin davamı gələcək.

Nə vaxtsa Avroliqa uğrunda "Sumqayıt"la mübarizə aparacağınızı xəyalınıza gətirə bilərdiniz?

- 15 dəqiqədən sonra mənə nə olacağını bilmirəm. Siz deyirsiniz ki, qabaqcadan nəyi isə bilərdim? Lakin maraqlı mübarizə gedəcək.

Son xəbərlər

Orphus sistemi