Kamran Quliyev: "Neftçi" "Uypeşt"lə oyunun favoritidir" - MÜSAHİBƏ

Kamran Quliyev: "Neftçi" "Uypeşt"lə oyunun favoritidir" - MÜSAHİBƏ Bakı. 9 iyul. REPORT.AZ/ Neftçi futbol klubunun prezidenti Kamran Quliyev brifinq keçirib. Report həmin müsahibəni təqdim edir...
Futbol
9 İyul , 2018 16:34
Kamran Quliyev: Neftçi Uypeştlə oyunun favoritidir - MÜSAHİBƏ
"Neftçi" futbol klubunun prezidenti Kamran Quliyev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ "Neftçi" futbol klubunun prezidenti Kamran Quliyev brifinq keçirib. "Report" həmin müsahibəni təqdim edir...

- "Neftçi" Macarıstan "Uypeşt"i ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa hazırdır?

- Məncə, hazırdır. Bunu baş məşqçimiz Roberto Bordin də qeyd edib. Təbii ki, istənilən halda çatışmazlıqlar mövcuddur. Amma komandamız yaxşı təlim-məşq toplanışı keçirib. Yoxlama matçları oyun baxımından da irəliləyişlərin olduğunu göstərdi. İnanmaq istərdik ki, bu amillər bizim xeyrimizə olacaq.

- İstədiyiniz transferləri edə bildiniz?

- Bəli. Demək olar ki, transfer çalışmalarımızı başa vurmuşuq. Amma ola bilər ki, "Uypeşt"lə oyunun nəticəsindən asılı olaraq, hansısa mövqeyə yeni oyunçu alınsın. Bu, ciddi ehtiyac duyulduğu halda baş verəcək. Azərbaycan Premyer Liqası üçün isə heyət hazırdır.

- "Uypeşt"i keçəcəyiniz halda, "Sevilya" ilə qarşılaşacaqsınız. Güclü rəqiblə düşməyiniz komandada ruh düşkünlüyü yaratmayıb?

- Xeyr. Əksinə, istənilən futbolçu "Uypeşt"i keçərək "Xuan Sançes Pisxuan" stadionuna çıxmaq, dünya ulduzlarına qarşı oynamaq istəyər. Son 16 ildə 5 dəfə Avroliqanın qalibi olmuş komanda ilə oyuna çıxmaq, əksinə, futbolçularımız üçün bir motivasiyadır. Bu, komandaya böyük təcrübə qazandıracaq.

- "Uypeşt"lə qarşılaşmada hansı komandanı favorit görürsünüz?

- "Neftçi"ni. Bu, belə də olmalıdır.

- Fransisko Qarsiyanın ardından Mayk Kampazla da yollarınızı ayırdığınıza dair xəbərlər yayılıb. Bəs Lukas Qomeslə bağlı vəziyyət nə yerdədir?

- Baş məşqçimiz bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Klub olaraq, biz də onların gedişlərinin gerçəkləşməsi üçün əlimizdən gələni edirik. Bütün addımlar qanun çərçivəsində atılmalıdır. İşlər heç kimin haqqına girilməməsi şərtilə görülməlidir. Danışıqlar davam edir.

- Gələn mövsüm "Neftçi"nin qarşısına çempionluq hədəfi qoyulub?

- Ən yüksək hədəflər qoyulub. İstərdik ki, "Neftçi" çempion olsun. Lakin Premyer Liqadakı bütün klublar güclüdür. Son illər "Neftçi" Avroliqaya vəsiqə üçün çalışırdı. Bu mövsüm isə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Mən buna inanıram. İstərdim ki, belə olsun.

- Klub azarkeşlərlə münasibətlərini daha da yaxşılaşdırmaq üçün hansı addımları atacaq?

- Böyük klub azarkeşsiz yaşaya bilməz. Azarkeşsiz klub, sadəcə, bir nişan, addır. Azarkeş bu klubun ayrıca hissəsi yox, bir parçasıdır. Çalışacağıq ki, yeni layihələrimiz, əməkdaşlığımız olsun. Bunlar bizim üçün çox vacibdir. Azarkeşsiz oyuna köklənmək çox çətindir. Futbolçunu tərəfdarları nə qədər çox dəstəkləsə, bir o qədər də geri dönüş olar, futbolçular da azarkeşlərə sevincli anlar bəxş edərlər. Bunlar bir-birinə bağlı olan məsələlərdir. Ona görə də buradan onlara səslənirəm: gəlsinlər, öz komandalarını bütün oyunlarda dəstəkləsinlər.

- "Neftçi" TV-nin fəaliyyətə başlaması yönündə işlər nə yerdədir?

- Bu barədə ətraflı danışmaq istəmirəm. Özünüz futbola hansısa sahədən gəldiyimi bilirsiniz. Bu, maraqlı layihədir. Onun üzərində işləyirik. Hələ layihənin nəzəriyyəsi bitməyib. Lakin həyata keçirməkdə israrlıyıq. Bu, brendimizin inkişafında mühüm rol oynaya biləcək. İndiki dövrdə insanlar televiziyaya baxırlar. Hazırda elektron cihaz qarşısında əyləşdiyimiz vaxtı saysaq, kifayət qədər uzun müddət olduğunu görərik. Bu, uzaq gələcəyin layihəsi deyil. İstəyirik ki, adımıza layiq bir şey olsun. "Neftçi" TV klubumuzun tarixini, keçmiş oyunlarını göstərəcək.

- Türk Hava Yolları "Neftçi"nin Təlim-Məşq Bazasının tikinti işlərini öz üzərinə götürüb, yoxsa bu, digər mənbələr hesabına gerçəkləşəcək?

- Tikintidə və ya layihələndirmə məsələlərində Türk Hava Yollarının iştirakı nəzərdə tutulmayıb. İşlər klubumuzun təsisçisi olan SOCAR tərəfindən aparılır. Bu müqavilə isə işlərin sürətləndirilməsinə zəmin yarada bilər. Yəqin ki, yaxın həftələrdə bunu real şəkildə görəcəyik.

- "Neftçi"nin titul sponsoru kim olacaq?

- Bu məsələ hələ açıq qalır. Bir neçə böyük təşkilatla danışıqlar gedir. Məlumat olan kimi diqqqətinizə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi