Kamran Quliyev: "Neftçi"nin altı futbolçusunun milliyə dəvət olunması çox yaxşı göstəricidir" - MÜSAHİBƏ

Kamran Quliyev: "Neftçi"nin altı futbolçusunun milliyə dəvət olunması çox yaxşı göstəricidir" - MÜSAHİBƏ Baki. 15 mart. REPORT.AZ/ Klublar Komitəsinin sədri seçilən Neftçi”nin prezidenti Kamran Quliyev qurumun iclasından sonra brifinq keçirib.
Futbol
15 Mart , 2018 14:12
Kamran Quliyev: Neftçinin altı futbolçusunun milliyə dəvət olunması çox yaxşı göstəricidir - MÜSAHİBƏ
Report

Baki. 15 mart. REPORT.AZ/ Klublar Komitəsinin sədri seçilən "Neftçi”nin prezidenti Kamran Quliyev qurumun iclasından sonra brifinq keçirib.

O, “Report”un əməkdaşının da suallarını cavablandırıb.

- İclasda hansı məsələlər müzakirə olundu?

- Çoxdandır yığışmırdıq. Məsələlər çox idi. Bəzi milliləşdirilmiş futbolçuların miqrasiya məsələsinə toxunduq. Əvəzedicilərdən ibarət komandaların I Divizionda çıxış etmələri məsələsini müzakirə etdik. Müəyyən hesabatlar dinlədik. Yusif Vəliyev, Aslan Kərimovun təklifləri var idi. Bir sözlə, müəyyən maraqlı məsələlərlə bağlı fikir mübadiləsi apardıq.

- Əvəzedicilərin çempionatının I Diviziona birləşdirilməsi məsələsində klubların mövqeyi necədir?

- Hər kəs bunu müsbət qarşılayır, amma suallar çoxdur. Bu məsələ fərdi qaydada baş məşqçilərlə müzakirə olunmalıdır. Çünki əvəzedicilər daim əsas komandaya cəlb olunan futbolçulardır. Baş məşqçilərin fikirləri, dərindən təhlilləri, detallı müzakirələr çox vacibdir. Bu, bir-iki görüşə həll olunası məsələ deyil. Amma dünya praktikasında - Rusiya, Portuqaliya, İspaniyada bu hal mövcuddur.

- Gündəlikdəki digər məsələ - VAR sisteminə klublar nə dərəcədə hazırdırlar və bu, Azərbaycanda nə vaxt tətbiq oluna bilər?

- Bizə bu barədə qısa, ümumi məlumat verilib. Lakin bu sistemin məsrəfləri, xərcləri, infrastruktur şərtləri var. Məsələn, hansısa klubun vəsaiti VAR sistemini əldə etməyə imkan verir. Amma stadionu bu tələblərə cavab verə bilirmi? Bildiyim qədərilə, stadiona 10-dan çox kamera quraşdırılmalıdır. Lakin hazırda stadionlarımızda hətta 5-6 kamera quraşdırmaq imkanı yoxdur. Yəni, bu məsələ üçün hələ tezdir. Danışılıb-müzakirə olundu, müsbət, bir çox suallara cavab tapacaq sistem kimi qiymətləndirildi. Lakin infrastruktur və maliyyə məsələləri baxımından daha çox məlumat toplamalı, sonra isə qərar verməliyik. Lakin hazırda bu, çətin görünür.

- Əvvəlki seçkilər açıq keçirilmişdi. Lakin bu dəfə qapalı oldu. Bu, nə ilə əlaqədar idi?

- Bizdə seçki həmişə qapalı olur. Zərfə adlar yazıb, açırıq və yeni prezidenti seçirik. Medianın iştirak etməməsi isə ola bilsin, texniki nasazlıqla əlaqədardır (gülür - red.). Amma özüm namizədliyimi irəli sürmək istəmirdim. Çünki əvvəllər də "Sumqayıt"ın prezidenti kimi KK sədri olmuşdum. Amma həmkarlarım gizli səsvermə nəticəsində yenə mənim namizədliyimi təklif ediblər. Hazırda "Neftçi"də çalışmağım da buna bir səbəb ola bilər. Çünki əvvəlki sədr də bizim klubdan olardı.

- Kimə səs verdiniz?

- Deyə bilmərəm. Amma başqa klubun təmsilçisi idi. Hərçənd, öz adımı da yaza bilərdim. Özüm bunu istəmədim. Səslərin nə qədər olduğunu bilmirəm, amma mənimlə digərləri arasında fərq var idi.

- "Neftçi” martın 14-də Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ”la qolsuz heç-heçə etdi. Bu nəticədən razı qaldınızmı?

- Narazı qaldığımı deyəb bilmərəm. Demək olar ki, bərabər oyun getdi. Çoxlu qol imkanımız oldu. "Qarabağ”ın qapısı qarşısında 3-4 təhlükəli epizod yaradan komanda varsa, bu, o deməkdir ki, komandanıın oyunu yaxşı alınır. "Qarabağ”a tam rəqib olduq. Hətta o komandanı məğlub edə bilərdik. Bizim şanslarımız rəqibə nisbətən daha çox idi. Komanda oyundan-oyuna daha da yaxşı çıxış edir. Bu isə sevindirici haldır.

- “Neftçi” yüksəlişdədir. Yığmanın təlim-məşq toplanışı komandaya necə təsir edəcək? Yüksələn qrafikdən sonra 15 günlük fasilə…

- Komandamızda 6 futbolçu əsas milliyə dəvət alıb. Bu, bizim üçün bir stimuldur. Bəzi futbolçular var ki, onlar əvvəllər dəvət almırdılar. Müvəqqəti olaraq millidən kənarda qalanlar da var idi. 6 futbolçunun yığmaya dəvət olunması çox yaxşı göstəricidir. Biz futbolçularımızla milli komandaya fayda verə bilərik. Səhv etmirəmsə, saya görə "Neftçi” birincidir. Bu isə yaxşı haldır. Bu, futbolçular üçün əlavə stimuldur. Özlərini yaxşı göstərməlidirlər. Hamıya məlumdur ki, millinini baş məşqçi yenidir. Qarşıdan Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsi gəlir. Hamı özünü Qurban Qurbanova göstərməyə çalışacaq. Onlar millidən qayıdandan sonra "Neftçi”yə fayda verəcəklər.

- "Neftçi” - "Qarabağ"dan sonra "Sumqayıt” – "Kəpəz” matçı var idi. Sabiq komandanızın oyununu izlədinizmi?

- Təbii ki, izlədim. O oyunu izləmək üçün vaxtım var idi. Əvvəlcə mobil telefonla, daha sonra televiziya vasitəsi ilə baxdım. "Sumqayıt”ı 3-cü pilləyə yüksəlməsi münasibəti ilə təbrik edirəm. Böyük bir uğurdur.

- Sizin əvəzinizə "Sumqayıt”ın prezidenti Riad Rəfiyev oldu…

- Ona da uğurlar arzulayıram. Bu, mürəkkəb işdir. Sumqayıt gözəl şəhərdir. Orada yaxşı futbol ab-havası var. Əvvəllər də var idi. Sumqayıt sakinləri öz komandasını çox istəyirlər. Ona görə də Riad Rəfiyev sıfırdan başlamır. Loru dildə desək, “Sumqayıt” “xodda gedən araba"dır. Komandanı düzgün istiqamətdə yönəldə bilər. Ona uğurlar arzulayram. Komandaya uğurlar arzulamağım təəccüblü səslənə bilər. Hazırda mən "Neftçi” üçün çalışıram. "Neftçi”nin Avropa Liqasına şansı da var. Bunun üçün əlimizdən gələni edəcəyik. Qismətdə nə varsa, o da olacaq.

Son xəbərlər

Orphus sistemi