Yuxarı

Kamran Quliyev: “Neftçi”ni Budapeştdə asan gəzinti gözləmir”

Kamran Quliyev: “Neftçi”ni Budapeştdə asan gəzinti gözləmir”

Budapeşt. 19 iyul. REPORT.AZ/ “Futbolda hər şey olur, lakin komandamız nikbindir. Uşaqların gözünə baxdıqda, onların cavab qarşılaşmasına hazır olduqlarını görürəm”.

“Report”un əməkdaşı xəbər verir ki, bunu “Neftçi” klubunun prezidenti Kamran Quliyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”lə cavab oyunu üçün Macarıstana səfər edən yerli jurnalistlərlə söhbətində deyib.

Klub rəsmisi bildirib ki, “ağ-qaralar” Bakıda macarıstanlıları 3:1 hesabı ilə məğlub etsələr də, cavab görüşü asan gəzinti olmayacaq: “Futbolçularımız rəqibi daha yaxından tanıyıb. Komandamız hələ heç nəyi təmin etməyib. Budapeştdə bizi asan gəzinti gözləmir. Komandada bu cür fikirlər yoxdur. İnanıram ki, öz oyunumuzu oynaya biləcəyik və sərfəli nəticə qazanmaq mümkün olacaq. Bakıdakı matç mənim üçün ilk avrokubok qarşılaşması idi. Komandamız məğlub duruma düşmüşdü və oyunərzində xeyli emosiyalar yaşadıq. Bu, xoş emosiyalar idi və inanıram ki, yenidən belə gözəl anları yaşamaq mənə nəsib olacaq. “Neftçi” indidən mənə çox şey verib. Bu komandada yeni olsam da, artıq ictimaiyyətin təzyiqini hiss etmişəm. Axı, bu klub daim diqqət mərkəzində olub. Burda işləmək – böyük həyat təcrübəsidir. Ancaq AFFA-da çalışdığım dönəm də mənə müəyyən təcrübə qazandırmışdı: Bernhard Lippert, Berti Foqts, Nazim Süleymanov və digər bir sıra yerli mütəxəssislərlə işləmişəm. İşin qurulmasında çox şeyi AFFA-nın baş katibi Elxan Məmmədovdan öyrənmişəm. Müəyyən məktəb keçmişəm və bu gün də öyrənirəm.”.

K.Quliyev “Neftçi”nin yeni baş məşqçisi Roberto Bordinin şəxsi keyfiyyətlərinə də toxunub. O, deyib italiyalı yetərincə təcrübəli mütəxəssisdir: “Xasiyyəti formalaşmış insandır, 50-dən yuxarı yaşı var. Bu yaşdan sonra dəyişməsi mümkünsüzdür. Onun debüt oyunu uğurlu alındı və bu, hər şeydən vacibdir. Düşünürəm ki, əlahiddə emosionallığı havanın isti keçməsi və komandamızdakı ilk oyunla əlaqələndirmək olar. Ümumiyyətlə, məşqçi emosional olmalıdır. Çünki bu, futbolçulara da müsbət təsir göstərir”.

Qeyd edək ki, iyulun 19-da keçiriləcək "Uypeşt” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi