Kamran Quliyev: "Neftçi" Avropa Liqasında I təsnifat mərhələsini keçməlidir"

Kamran Quliyev: "Neftçi" Avropa Liqasında I təsnifat mərhələsini keçməlidir" "Avroliqada nə qədər uğurlu nəticə göstərsək, o əhval-ruhiyyə ilə də çempionata başlaya bilərik"
Futbol
19 İyun , 2018 14:40
Kamran Quliyev: Neftçi Avropa Liqasında I təsnifat mərhələsini keçməlidir

Bakı. 19 iyun. REPORT.AZ/ "Neftçi" klubunun prezidenti Kamran Quliyev Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri dəyərləndirib.

K.Quliyev "Report"a açıqlamasında 5 mümkün rəqibdən heç birinin zəif olmadığını söyləyib. Bununla yanaşı, klub rəsmisi flaqmanın mərhələ adlamasının vacibliyini dilə gətirib: "Düzdür, rəqiblərimiz zəif deyillər. Lakin özümüz də zəif deyilik. Biz bu mərhələni keçməliyik. Təbii ki, istənilən rəqibə ciddi yanaşmalıyıq. Amma növbəti mərhələyə yüksəlmək üçün kifayət qədər potensialımız var".

"Neftçi"nin prezidenti bildirib ki, sonrakı mərhələlərdə nə qədər irəliləyə bilsələr, bu, klubun nüfuzu baxımından, o qədər yaxşı hal olacaq: "Avroliqada nə qədər uğurlu nəticə göstərsək, məncə, o əhval-ruhiyyə ilə də çempionata başlaya bilərik. Komandanın "bişməy"ə çox da vaxtı yoxdur. Gərək, tez "bişsin". Heyətə elə futbolçular cəlb olunub ki, onlardan çox şey gözləyirik".

K.Quliyev rəqibləri dəyərləndirmək üçün məşqçilər heyətinin kifayət qədər vaxtının olduğunu əlavə edib: "Açığı, məlumatı dünən axşam aldığımızdan, rəqiblərimizin münasib və ya nisbətən çətin olduğunu hələ təhlil etməmişik. Yəqin ki, axşamadək bu barədə məlumatımız olacaq və məşqçilər heyətimiz ətraflı informasiyalar toplaya biləcək. Digər tərəfdən, mənim işim komandaya lazımi şəraiti yaratmaqdır. İnanmaq istərdik ki, qalan 23 gün ərzində komandamız ideal şəraitdə təlim-məşq toplanışı keçirəcək".

Qeyd edək ki, "Neftçi" I təsnifat mərhələsində "Buduçnost" (Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) komandalarından biri ilə qarşılaşacaq. Rəqibin adına iyunun 20-də atılacaq püşk nəticəsində aydınlıq gələcək. İlk oyunlar iyulun 12-də, cavab görüşləri iyulun 19-da keçiriləcək.   

Son xəbərlər

Orphus sistemi