Kamran Ağayevin çıxış etdiyi klub yeni qapıçı alır

Kamran Ağayevin çıxış etdiyi klub yeni qapıçı alır Braziliyalı Vaqner Da Silva mövsümün sonunadək icarəyə götürüləcək
Futbol
4 Yanvar , 2017 12:08
Kamran Ağayevin çıxış etdiyi klub yeni qapıçı alır

Bakı. 4 yanvar. REPORT.AZ/ Portuqaliyanın "Boavişta" futbol klubu yeni qapıçı transfer edəcək. "Report"un "Maisfutebol"a istinadən verdiyi məlumata görə, braziliyalı Vaqner Da Silva mövsümün sonunadək icarəyə götürüləcək.

31 yaşlı qolkiper 2010 - 2015-ci illərdə Portuqaliyanın "Eştoril" klubunda çıxış edib. Onun sonuncu komandası isə Belçika "Muskron"u olub. Bu yaxınlarda "Muskron"un sükanı arxasına "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik keçib. Vaqner isə 2016-cı il sentyabrın 10-da evdə "Zulte Varegem"ə 1:5 hesabı ilə uduzduqları VI tur matçından sonra əsas heyətdəki yerini itirib. Həmin görüşdə təcrübəli qolkiper hətta öz qapısına qol vurub. Bundan sonra cəmi bir dəfə ilk "11-lik"də meydana çıxan Vaqnerə hazırda Rednik də şans vermir. Halbuki o, 2015-2016 mövsümündə 28 oyunu əvəzlənmədən keçirib.

Qeyd edək ki, hazırda "Boavişta"nın əsas qapıçısı Azərbaycan milli komandasının üzvü Kamran Ağayevdir. Vaqner Da Silvanın gəlişindən sonra Ağayevin ciddi rəqabətlə üzləşəcəyi və ehtiyat qolkiperlərdən Mamadu Ba və ya Mikael Meyranın göndəriləcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi