Kamran Ağayev: "Məqsədimiz çempion olmaqdır"

Kamran Ağayev: "Məqsədimiz çempion olmaqdır" "İnter"in qapıçısı "Neftçi"nin problemlərindən danışıb
Futbol
30 Mart , 2016 10:36
Kamran Ağayev: Məqsədimiz çempion olmaqdır

Bakı. 30 mart. REPORT.AZ/ "Neftçi" ilə bugünkü matçda qələbə qazanmaq istəyirik". Bunu "Report"a açıqlamasında Bakı "İnter"in qapıçısı Kamran Ağayev Azərbaycan Premyer Liqasında XXVII turun paytaxt derbisi barədə danışarkən deyib.

30 yaşlı qolkiper flaqmanı belə dəyərləndirib: "Rəqibimiz sayılıb-seçilən komandadır. Amma bu komandanın problemlərinin olduğu hamıya məlumdur. Azərbaycan yığmasının düşərgəsindən qayıtdıqdan sonra - martın 28-dən "İnter"in məşqlərinə qoşulmuşam. Oyun öncəsi bir günlük təlim-məşq toplanışımız olub. Matça ciddi hazırlaşmışıq. Çalışacağıq ki, aktivimizə növbəti 3 xalı yazaq".

Hazırda "İnter" 26 oyundan 44 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 57 xalla "Qarabağ" başçılıq edir. Amma "bankirlər" qələbə qazansa belə, özündən 6 xal irəlidə və ikinci pillədə olan "Zirə"ni keçə bilməyəcək. Ağayev isə nəinki bir pillə irəliləməyi, hətta çempionluğu hədəflədiklərini açıqlayıb: "Məqsədimiz çempion olmaqdır. Bu gün "Qarabağ" bizdən 13 xal qabaqdadırsa, o demək deyil ki, artıq qızıl medalın taleyi məlumdur. Hələ qarşıda 10 tur var".

Bugünkü qarşılaşmaya "İnter"in 3 itki ilə çıxacağı gözlənilir. Uzunmüddətli zədədən sonra bərpa dövrünü keçən Rauf Əliyev və bir müddət öncə əzələsini dartdıqdan sonra tam formaya düşməyən Nizami Hacıyevlə yanaşı, Gürcüstan yığmasının düşərgəsindən bu gün qayıdan Nika Kvekveskiri paytaxt derbisini buraxa bilər. Təcrübəli qapıçı isə deyib ki, komandada əvəzolunmaz futbolçu yoxdur: "Düzdür, hər 3-ü önəmli oyunçudur. Amma onlarsız da qələbə qazanmışıq. Nə deyirlər, onu da edirik. Kimi meydana buraxıb-buraxmamağa baş məşqçimiz Zaur Svanadze qərar verməlidir. Heç özüm bilmirəm ki, ilk "11-lik"də olacağam, yoxsa ehtiyatda".

Qeyd edək ki, "İnter" - "Neftçi" qarşılaşması saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi