Kamran Ağayev: "Çalışmalıyıq ki, növbəti oyunlarda uduzmayaq"

Kamran Ağayev: "Çalışmalıyıq ki, növbəti oyunlarda uduzmayaq" Bakı. 19 avqust. REPORT.AZ/ Keşlənin və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev səfərdə Zirə ilə 2:2 hesablı heç-heçə etdikləri futbol üzrə Azərbaycan Premyer Liqasının II tur matçından sonra brifinq keçirib. 32 yaşlı qolkiper Reportun da suallarını cavablandırıb...
Futbol
19 Avqust , 2018 00:36
Kamran Ağayev: Çalışmalıyıq ki, növbəti oyunlarda uduzmayaq

Bakı. 19 avqust. REPORT.AZ/ "Keşlə"nin və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri futbol üzrə Azərbaycan Premyer Liqasının II tur matçından sonra brifinq keçirib. 32 yaşlı qolkiper "Report"un da suallarını cavablandırıb...

- Oyunu necə dəyərləndirərdin?

- Görüşə həddən artıq pis başladıq. 2-ci dəqiqədə top buraxdıq. İrəli atıldıq ki, qol vuraq. Rəqib əks-hücumlarda çıxış edən komandadır. Biz hücuma gedəndə "Zirə"yə də fərqlənmək imkanı verirdik. Bunlar birinci hissədə oldu. Fasilədən sonra baş məşqçinin göstərişlərinə uyğun hərəkət etdik. Düzdür, heyətimizdə zədədən qayıdan, ağrıları olan futbolçularımız var. Səhvsiz futbol olmur, hamı səhvə yol verə bilər. Hesabı 0:2-dən 2:2-yə çevirdik. Hətta bundan sonra da yüzfaizlik imkan əldə etdik, amma vura bilmədik. Çempionat hələ yeni başlayıb. İndidən nəsə demək olmaz. Qarşıdakı müddətdə hər şey ola bilər.

- 2 tura 1 xal sizi razı saldı?

- Qarşımıza daha yaxşı oynamaq hədəfi qoyulub. Kim istər ki, məğlub olsun? Təbii ki, bundan razı deyilik. Amma öz üzərimizdə işləməliyik. Çempionat hələ təzə başlayıb. İtirəcəyimiz heç nə yoxdur.

- Məğlub duruma düşdüyünüz halda heç-heçəyə nail olmağınız qələbəyə bərabər motivasiya verdi?

- Qələbə başqa şeydir. Amma "Sabah"la ev oyumuzu çox bərbad keçirmişdik. O oyuna nəzərən bu dəfə aqressiv, istəkli görünürdük. Yəqin ki, baxımlı oyun oldu. “Zirə”dən də başqa oyun gözləyirdik. Lakin 2:0 hesabı ilə önə keçəndən sonra tempi aşağı saldılar, ritmi öldürdülər. Bu da oyunun gedişatına təsirini göstərdi. Gücümüz çox getdi. “Sabah”la matçda da son dəqiqələrdə var gücümüzü ortaya qoyduq, bu oyunda da. Lakin ilk görüşümüzdən fərqli olaraq, bu dəfə məğlubiyyətdən yaxa qurtara bildik. Çempionat davam edir. Çalışmalıyıq ki, növbəti oyunlarda uduzmayaq. Görək də...

- İlk hissədə ayağından, ikinci hissədə isə əlindən zədələndin. Oyunçuların sizə qarşı aqressiv oynamaları nədən qaynaqlanır?

- Birincisi, stadion amilidir. Stadionlarımız pis vəziyyətdədir, adamı xeyli incidir. Digər tərəfdən. Premyer Liqada cəmi 8 komanda var. 1 il burda, 6 ay orda oynayırsan. Bilirəm nəyə toxunmaq istədiyinizi. Pərdis Fərcad-Azadın “Keşlə”dən gedib bizə qarşı sərt oynaması normaldır. Bir oyun olacaq, ikincisi yaddan çıxacaq. Azərbaycan futbolunda hamı bir-birini yaxşı tanıyır. Çünki komandalarını tez-tez dəyişirlər. Gəlmə futbolçu deyil ki, daşa basaq, güllələyək.

- Belə stadionlar, çempionatın bu səviyyədə olması, Avropa Liqasında 3 klubun ilk mərhələdəcə mübarizəni dayandırması kimi amillər milliyə necə təsir edə bilər?

- Hər şeyə təsir edəcək. Hər zaman demişəm: Biri var özündənrazılıq, biri də var özünəgüvənlik. Milli komanda hamımızındır. Orada əlindən gələni etməlisən. Nə sözün varsa, 90 dəqiqə ərzində deyirsən.

- Bir qapıçını gücləndirən amillərdən biri də müdafiə xəttinin etibarlı olmasıdır. Qapıçı az qol buraxanda özünə inanır. Kamran Ağayev “Keşlə”nin onu geriyə apardığının fərqindədir?

- Zəif komanda yoxdur ki... Dünyada hamı futbol oynayır. Fərq etmir: "Keşlə", yoxsa başqası. Zədədən təzə qayıtmışam, formamı bərpa etmişəm. Pis formada deyiləm. Bir az da artırıb, hədəflərimizə nail olmalıyıq.

- Oyun vaxtı aldığınız zədə ciddi deyil?

- Xeyr. Bir az əzik oldu. Amma bu, normal şeydir.

Taleh Cəfərli

Son xəbərlər

Orphus sistemi