Kamran Ağayev: "Azərbaycan Kubokunun finalı Qəbələdə yox, Naxçıvanda və ya Lənkəranda keçirilməlidir"

Kamran Ağayev: "Azərbaycan Kubokunun finalı Qəbələdə yox, Naxçıvanda və ya Lənkəranda keçirilməlidir" "Necə ola bilər ki, final Qəbələdə keçirilsin? Belə şey ola bilməz"
Futbol
21 Aprel , 2018 20:04
Kamran Ağayev: Azərbaycan Kubokunun finalı Qəbələdə yox, Naxçıvanda və ya Lənkəranda keçirilməlidir

Bakı. 21 aprel. REPORT.AZ/ "Keşlə"nin qapıçısı Kamran Ağayev evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra brifinq keçirib.

Təcrübəli qapıçı "Report"un da suallarını cavablandırıb...

"Keşlə" "Sumqayıt"ı nəyin sayəsində üstələməyi bacardı?

- Hər şey insanın öz əlindədir. Sizin düşüncənizlə bizimki eyni ola bilməz. Çox söz demək olar. Amma gərək mübarizə aparasan, əziyyət çəkəsən. Əks halda, nəticə əldə etmək çox çətin olar. Bugünkü oyun da çox ağır keçdi. Futbolçuların bəzilərində yorğunluq var idi, bəzilərinə istirahət verilmişdi. Amma əvəzolunmaz futbolçu yoxdur. Meydana çıxan hər kəs sözünü deməlidir. Normal hazırlaşdıq və qələbəyə nail olduq. Finalda da qalib gəlmək istəyirik.

Çoxları deyir ki, final matçının Qəbələdə keçirilməsi "Keşlə" üçün mənfi məqamdır...

- Necə ola bilər ki, final Qəbələdə keçirilsin? Mən bunu bilmirdim. Belə şey ola bilməz.

Səncə, final matçının yeri dəyişdirilməlidir?

- Hər şey reqlamentə uyğun olmalıdır. Mən birinci dəfədir eşidirəm. Bu, normal deyil. Amma belə məsləhət görürlərsə, yəni belə də olar. Mənim fikrimcə, final matçı ya Naxçıvanda, ya da Lənkəranda keçirilməlidir. Gəncədə də oynamaq olar.

Gəncə şəhər stadionunda işıqlandırma ilə bağlı problem olduğu üçün oyun Qəbələ şəhər stadionuna təyin olunub...

- "Qəbələ" finalda ev sahibi kimi çıxış edəcək? Vallah, indi siz deyirsiniz, sizdən eşidirəm. Dünya futbolunda varmı belə hal? Elə isə Superkubok uğrunda "Neftçi" - "Xəzər Lənkəran" oyununu niyə Naxçıvana salmışdılar?

Qəbələdə təhlükəsizlik sarıdan problem ola bilər?

- Yəqin ki, azarkeşlərimizin də təhlükəsizliyini qoruyacaqlar. Azarkeş amili vacibdir. Əsas odur ki, Azərbaycan torpağında oynayacağıq. Mübarizə aparacaq, vuruşacağıq. Sabah nə olacağını bilmirik. Bu gün üçün yaşayırıq.

Bugünkü oyunda epizodların birində Yuri Maksimovla nəyisə müzakirə edirdiniz...

- Zarafatla desək olar? Mən sizdən şəxsi həyatınızı soruşuram? Şəxsi söhbətimizi niyə soruşursunuz? Oyunla bağlı komanda yoldaşlarımla, baş məşqçimizlə danışıram. Siz gördüyünüzü soruşa bilərsiniz. Bir-birimizə nə dediyimizi eşitməmisiniz ki... Ona görə də nə danışdığımızı soruşmayın. Bunu aqressiv formada demirəm. Sadəcə, komandadaxili söhbətlər, analizləri ictimaiyyətə çatdırmaq olmaz. Biz nə danışdığımızı və nə etdiyimizi özümüz bilirik.

Son olaraq, milli komanda ilə bağlı sual vermək istərdik...

- Milli ilə bağlı sualı millinin düşərgəsində olduğumuz vaxt verərsiniz. "Keşlə"yə dair sualınız varsa, buyurun.

Son xəbərlər

Orphus sistemi