Yuxarı

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

Romanın müdafiə futbolu oynmasını söyləmək şişirdilmiş olar
© Report/ Firi Salim

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Məqsədimiz top olan yerdə oynamaqdır. Top haradadırsa, biz də oradayıq".

"Report" xəbər verir ki, bunu İtaliyanın "Roma" komandasının futbolçusu Juan Jezus Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

Braziliyalı müdafiəçi bildirib ki, "Roma"nın müdafiə futbolu oynmasını söyləmək şişirdilmiş olar.

- Sabah tribunalarda 65 min azarkeş olacaq. Azərbaycan Prezidenti İham Əliyevin də bu oyunu izləyəcəyi gözlənilir. Bu, sizdə həyəcan yaratmır ki?

- Əlbəttə, çətin olacaq. “Qarabağ” bundan öncəki oyunda, Londonda böyük hesabla uduzduğundan doğma meydanda daha səylə mübarizə aparacaq. Onlar ilk oyundakı nəticənin təsadüf olduğunu sübut etməyə çalışacaqlar. Ona görə də bizim üçün çətin olacağını düşünürəm. Ancaq bura uduzmağa gəlməmişik.

- Bundan öncə “İnter”in heyətində “Neftçi” və “Qarabağ”a qarşı oynamısınız. Həmin oyunları necə xatırlayırsınız?

- Əlbəttə, həmin oyunları yaxşı xatırlayıram. “Qarabağ”a qarşı “San-Siro”dakı oyun yaxşı yadımdadır. Həmin oyunda erkən qol vurmuşduq. İkinci qoldan sonra isə matçın taleyini həll etmişdik. Lakin rəqib həmin vaxtdan indiyə kimi çox dəyişib. Ona görə də bizi sabah həmin oyundakından daha çətin sınaq gözləyir.

- Mövsüm sizin üçün çox yaxşı başladı. Sizcə bu, baş məşqçinin əməyidir, yoxsa siz “Roma”ya uyğunlaşa bilmirdiniz?

- Yeni komandaya keçəndə ora uyğunlaşmaqda çətinlik çəkirsən. Lakin hazırki oyunumda baş məşqçinin də əməyi var. Eyni zamanda mən də daim öz üzərimdə çalışıram.

- Düşünmürsünüz ki, “Roma” azarkeşləri qarşısında oynamaq daha çətindir.

- Mən 5-6 il Milan şəhərində, “İnter”də çıxış etmişəm. Bu, tam fərqli mühitdir. Əvvəl necə olmuşamsa, indi də elə olacam. Azarkeşlərin fit səslərinə fikir verməmək lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi