“İstər AFFA, istərsə də klublar beynəlxalq oyunlar zamanı stadionlarda komfortlu xidmət təklif edir” - RƏY

“İstər AFFA, istərsə də klublar beynəlxalq oyunlar zamanı stadionlarda komfortlu xidmət təklif edir” - RƏY “İstər AFFA, istərsə də klublar beynəlxalq oyunlar zamanı ölkə xaricində gördüklərimizdən aşağı səviyyədə iş görmür, komfortlu xidmət təklif edirlər. Millinin matçlarında stadionlarda təmizik, təhlükəsizlik, stüartların fəaliyyəti, qida və içkilərin satışından tutmuş, insanların stadiona rahat gəlib-getməsinə qədər hər şeyə xüsusi diqqət göstərilir”.
Futbol
28 Oktyabr , 2019 16:46
“İstər AFFA, istərsə də klublar beynəlxalq oyunlar zamanı stadionlarda komfortlu xidmət təklif edir” - RƏY

“İstər AFFA, istərsə də klublar beynəlxalq oyunlar zamanı ölkə xaricində gördüklərimizdən aşağı səviyyədə iş görmür, komfortlu xidmət təklif edirlər. Millinin matçlarında stadionlarda təmizik, təhlükəsizlik, stüartların fəaliyyəti, qida və içkilərin satışından tutmuş, insanların stadiona rahat gəlib-getməsinə qədər hər şeyə xüsusi diqqət göstərilir”.

Bunu “Report”a keçmiş klub rəsmisi Səbuhi Səfiyarlı Azərbaycanda keçirilən beynəlxalq futbol matçlarında azarkeşlərə təklif olunan xidmətlər haqqında danışarkən deyib.

Onun sözlərinə görə, AFFA-nın istər milli komandanın oyunları, istərsə də UEFA Avropa Liqasının final matçında əldə etdiyi təcrübə AVRO-2020-nin Bakıda keçiriləcək 3 qrup və 1/4 finalın 1 görüşü zamanı faydalı olacaq.

Vaxtilə “Neftçi”, “Keşlə” və “Qəbələ”də çalışmış Səfiyarlı bildirib ki, stadionlarda “fast food” qidalarının və ya müxtəlif içkilərin satışının təşkili üçün, ilk növbədə, tələbat olmalıdır: “Daxili yarışlarda azarkeş sayı çox az olduğundan, alıcı potenisalı yox səviyyəsindədir. Yəni satışdan əldə olunan gəlir məhsulun maya dəyərini qarşılamır, xərci borcunu ödəmir. Ona görə də əksər hallarda bu iş səyyar formada olur. Fərdi şəxslər əllərində müxtəlif un məmulatları, su və günəbaxan tumları satırlar, vəssalam. Düzdür, məsələn, “Neftçi”nin bəzi oyunlarında azarkeşlər üçün fan-zonaların qurulduğunu, qida və içki satışının təşkil edildiyini görmüşük. Həmçinin “skybox”larda da müxtəlif yemək və içkilər təklif edilir. Lakin daxili yarışlarda bütün bunları davamlı şəkildə edən klub yoxdur. Klublar bu işə yalnız avrokubok matçlarında diqqət yetirirlər”.

Ekspertin fikrincə, azarkeş biletə pul verirsə, bunun qarşılığında komfortlu xidmət əldə etməlidir: “Ən azı, oturacaqlar təmizlənməlidir ki, tamaşaçılar stadiona qəzet və ya təmziləyici ilə gəlmək məcburiyyətində qalmasınlar. Digər məsələlər isə tələbata uyğun şəkildə tənzimlənməlidir. Özü də bu işlər böyük məsuliyyət tələb edir. Məsələn, AFFA və ya klublar “fast food”, isti yeməklər təqdim edən şirkət, restoran seçərkən, diqqətli olmalıdırlar. Qida köhnə, istifadə müddəti keçmiş olsa, insanlar zəhərlənə bilərlər. FIFA və UEFA da bu işlərdə dəqiqlik tələb edir, stadion ərazisində satış təşkil edən şirkətlərin sənədlərinin qaydasında olmasını istəyir”.

Gənc mütəxəssis azarkeşlərin stadionlara cəlb olunması üçün xarici klubların təcrübəsini örnək göstərib: “Avropada top-klublar yüksək gəlir gətirən böyük şirkət kimi idarə olunur. Əsas qazanc mənbəyi isə ev oyunlarıdır. Burada söhbət təkcə bilet satışından getmir. Məsələn, Almaniyada “Bavariya” və ya İtaliyada “Yuventus”un ev oyunlarını keçirdiyi stadionun ərazisində ticarət mərkəzləri var. Oyun günlərində insanlar ora gələrək alış-veriş edir, müxtəlif əyləncə proqramlarına qatılır, film izləyir, restoranlarda, barlarda oturur və nəhayət, oyuna baxırlar. Yəni matça qədər də kluba məxsus yerlərdə böyük məbləğdə vəsait xərcləyirlər. Təəssüf ki, hazırda bizdə bu cür tələbat yoxdur. Bəlkə də, nə vaxtsa vəziyyət dəyişəcək. Hələlik vətəndaşlarımız futbolu özləri üçün həyat tərzi, istirahət vasitəsi kimi görmürlər. Ona görə də daxili yarışlarda azarkeş sayı azdır”.

Son xəbərlər

Orphus sistemi