İspaniya La Liqasında "El Klasiko" həyəcanı

İspaniya La Liqasında "El Klasiko" həyəcanı Bu görüş 231-ci duel olacaq
Futbol
2 Aprel , 2016 09:14
İspaniya La Liqasında El Klasiko həyəcanı

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün bütün futbol ictimaiyyətinin diqqəti İspaniyaya yönələcək. "Report"un məlumatına görə, La Liqanın XXXI turunda "Barselona" doğma meydanda "Real Madrid"i qəbul edəcək.

Bu görüş futbol tarixində 231-ci "El Klasiko" olacaq. Qarşılaşmalardan 92-si Madrid, 90-ı isə Kataloniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Qalan 48 matçda isə bərabərlik qeydə alınıb. Rəqiblər ölkə çempionatında 172-ci dəfə üz-üzə gələcək. "Real Madrid"in aktivində 71, "Barselona"da isə 68 qələbə var. Hazırda 76 xalla turnir cədvəlinə liderlik edən "Barsa" rəqibini 10 xal qabaqlayır. Maraqlı məqam ondan ibarətdir ki, kataloniyalılar madridlilərdən ən az 10 xal öndə olarkən oynadığı heç bir "El Klasiko"da qalib gələ bilməyib. "Barselona" 1990/1991 mövsümündə 13 xal öndə olarkən 0:1, 2012/2013 mövsümündə 14 xal öndə olarkən 1:2 hesabı ilə məğlub olub. "Real Madrid"i 11 xal qabaqladığı 2005/2006 mövsümündəki görüş isə 1:1 hesabı ilə nəticələnib.

Bu ilin yanvarından "Real Madrid"də baş məşqçi kimi çalışan Zinəddin Zidan 10 il sonra yenidən "El Klasiko"ya çıxacaq. O, sonuncu dəfə futbolçu kimi 2006-cı il aprelin 2-də "Barselona"ya qarşı meydana çıxıb və həmin görüş 1:1 başa çatıb. "El Klasiko"nun ən çox qeydə alınan hesabı 2:1-dir. Bu günədək "El Klasiko"da hər iki komandadan 40 futbolçu forma geyinib.

Bu görüş "Barselona"nın futbolçusu Lionel Messi üçün xüsusi əhəmiyyət kəsb edir. Argentinalı rəqib qapısına yol tapacağı təqdirdə karyerasının 500-cü qoluna imza atacaq. Messi bu günədək milli komanda da daxil olmaqla, 499 qola imza atıb.

Oyunu maraqlı edən daha bir amil isə hər iki komandada "qol trio"sunun olmasıdır. "Barselona"da Messi (22), Suarez (26) və Neymar (21) üçlüyü 69 dəfə fərqlənibsə, Ronaldu (28), Beyl (15) və Benzemada (20) bu göstərici 63-dür.

Qarşılaşmanın diqqət çəkən məqamlarından biri də "Barsa"nın meydana xüsusi formalarla çıxacağıdır. Belə ki, katalonlar onların tarixində əvəzsiz iz buraxmış və bu günlərdə 68 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən əfsanəvi "uçan holland" - Yohan Kroyffun xatirəsini yad etmək üçün üzərində "Gracies Yohan", yəni "Çox sağ ol Yohan" yazılmış xüsusi futbolkalarla meydana çıxacaq. Qeyd edək ki, bu, həm də "Barselona"nın onun müasir oyun üslübunu ərsəyə gətirən Y.Kroyffun ölümündən sonra ilk görüşü olacaq.

"Kamp Nou" stadionunda keçiriləcək "Barselona" - "Real Madrid" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi