İskəndər Cavadov: "Xorvatiya ilə heç-heçəyə görə mükafatın verilməsində qeyri-adilik yoxdur"

İskəndər Cavadov: "Xorvatiya ilə heç-heçəyə görə mükafatın verilməsində qeyri-adilik yoxdur" Belə çətin oyunlar zamanı komandaya motivasiya lazımdır. Ona görə də rəhbərlik mükafat məsələsini qaldırıb.
Futbol
11 Sentyabr , 2019 12:59
İskəndər Cavadov: Xorvatiya ilə heç-heçəyə görə mükafatın verilməsində qeyri-adilik yoxdur

"Belə çətin oyunlar zamanı komandaya motivasiya lazımdır. Ona görə də rəhbərlik mükafat məsələsini qaldırıb".

Bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov Xorvatiya ilə AVRO-2020-nin seçmə oyunundakı 1:1 hesablı heç-heçəyə görə Azərbaycan millisinə mükafatların ödənildiyinə dair xəbərləri şərh edərkən deyib. Veteran futbolçu dünya praktikasında da belə halların baş verdiyini və tarixən normal qarşılandığını bildirib: "Bütün dünyada heç-heçə və qələbə üçün mükafatlar təsis olunur. Biz futbol oynadığımız vaxt da bu, belə idi. Çətin rəqiblərlə qarşılaşmalarda heç-heçə və ya qalibiyyət üçün mükafat vəd edilirdi. Xorvatiya da dünya çempionatının gümüş mükafatçısı, FIFA reytinqində "10-luq"da - 7-ci pillədə yer alan komandadır. AFFA ilə futbolçular arasındakı anlaşma sənədində belə nəticələrə görə mükafat da əksini tapıb. Bu, hər yerdə belədir. Məsələn, Rusiya millisinin hər oyununa görə mükafat verilir. Xorvatiya kimi rəqiblə heç-heçəyə görə futbolçulara mükafatın verilməsində qeyri-adilik yoxdur. Bundan faciə düzəltmək lazım deyil. Əlbəttə, futbolçular Azərbaycanın adı uğrunda vuruşurlar, bu, onların borcudur. Amma onu da nəzərə almaq lazımdır ki, belə nəticələr heç də hər zaman olmur".

Cavadov Uels və Xorvatiyaya qarşı keçirdiyi son 2 qarşılaşmada millinin oyunundakı irəliləyişlərdən də bəhs edib: "Özüm milli komandanın ev və səfər oyunlarında iştirak edirəm. Son iki matçda hamımız irəliləyişin şahidi olduq. Halbuki, Macarıstan və Slovakiya ilə ev oyunlarında komanda zəif çıxış etmişdi. Uels və Xorvatiya ilə qarşılaşmalarda isə fərqli oyun sərgilədilər. Futbolçuların beynəlxalq oyun təcrübələrinin aşağı olması milliyə də təsirsiz ötüşmür. Qarşıdan daha çətin matçlar gəlir. Oyunlar hələ indi başlayır, nəticələrin necə olacağı bilinmir. Vuruşmaq, xal almaq lazımdır. Adətən, qruplarda 2 komanda güclü, 2-si ortabab, 2-si zəif olur. Biz isə 5 komandalı qrupa düşmüşük. Bir-birindən fərqlənməyən rəqiblərlə vuruşmaq, döyüşmək lazımdır. Bu məsələdə mükafat da təsiredici faktor ola bilər".

Ötənlərin tanınmış hücumçusunun sözlərinə görə, Azərbaycan komandalarına yuxarıdan-aşağı baxan rəqibləri cəzalandırmaq üçün mükafat motivasiya rolunu oynaya bilər: "Sirr deyil ki, rəqibləri Azərbaycan yığmasına zəif gözü ilə baxırlar. Məhz bu amili nəzərə alaraq toparlanmaq və onların arxayın çıxışına qarşı döyüşkən oyun sərgiləmək lazımdır. Reallıqda Xorvatiya yığması bizdən iki qat güclüdür. Amma əvvəlki oyunların hamısında uduzduğumuzu nəzərə alaraq, bizimlə görüşə arxayın çıxmışdılar. Belə halları vaxtilə özüm də yaşamışam. Rəqiblərimiz "Neftçi"ni asanlıqla udacağımızı düşünürdülər. Amma biz vuruşaraq xallar alırdıq. Bu, o demək deyildi ki, Kiyev "Dinamo"su və ya "Spartak"dan güclü idik. Lakin hörmətsizlik onları "yıxırdı". Xorvatiya yığması Zaqrebdəki görüşə də arxayın çıxmışdı. İlk qolu biz vurduqdan sonra qələbəyə nail olmaq üçün xeyli əziyyət çəkdilər".

Son xəbərlər

Orphus sistemi