Yuxarı

İsgəndər Cavadov: "Məni "Neftçi"dən uzaqlaşdırmağa çalışırdılar"

11 nömrəli formanı başqasının geyinməsinə icazə vermədim

Bakı. 28 sentyabr. REPORT.AZ/ "İllər keçməsinə baxmayaraq, Anatoli Banişevski, Kazbek Tuayev kimi futbolçular hələ də yoxdur. Sonra biz gəldik. Ancaq son illərdə bu, böyük problemdir". 

"Report"un məlumatına görə, bunu Azərbaycanın məşhur futbolçusu İsgəndər Cavadov 60 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

"N11 İsgəndər Cavadov" adlanan kitabın təqdimatında iştirak edən səbəbkar Azərbaycan futbolunda hazırda daha bir İsgəndər Cavadovun olmadığını bildirib. Veteran hücumçu bunun səbəblərini belə izah edib: "Hücumçu meydanda yaşamalıdır. O, komandanın lideri, qələbə təminatçısıdır. Hücumçu oynayanda bütün komanda yaxşı oynayır. Biz 5-6 nəfərlə Kiyev "Dinamo"su, Tbilisi "Dinamo"su, Moskva "Spartak"ı ilə oynayırdıq və onlar bizimlə bacarmırdı. Ancaq bizdə də o səviyyəli futbolçuların sayı daha çox olsaydı, ilk "5-liy"ə də düşə bilərdik. Kitabda bunları qeyd etmişəm. Bizdə bəzi problemlər vardı. İndi açıqlamaq istəmirəm. Bizə irəli getməyə imkan vermirdilər. Məsələ mənlə bağlı idi. Futbolçu olanda istəyirdim ki, gələcəkdə komandada məşqçi, rəhbər olaraq çalışım. Ancaq bəzi adamlar komandaya gəlişimi istəmirdilər. Son illərdə isə məni komandadan birtəhər uzaqlaşdırmağa çalışırdılar. Amma bacarmadılar. Çünki mənim futbolda zəhmətim böyükdür. Həm xalqın, həm də ölkə başçılsının qarşısında hörmət qazanmışam".

İ.Cavadov 11 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Həmişə "7"ni xoşlamışam, arzulamışam. Uşaqlıqdan da bu nömrə ilə oynayırdım. Ancaq Nikolay Smolnikov gedəndən sonra mənə "11 nömrə"ni verdilər. Bu nömrəli futbolkanı başqasının geyinməsinə icazə vermədim".

O, təqdimat mərasiminə gəlməyən "Neftçi"dəki keçmiş komanda yoldaşlarından və 10 il (1977-1982, 1983-1988) şərəfini qoruduğu komandanın hazırkı durumundan danışıb: "Hamısı axşam gələcəklər. Çoxu təqdimat mərasiminə gəlirdi, sadəcə, işlə bağlı alınmadı. "Neftçi"nin indiki vəziyyətindən çox narahatam. Klubun rəhbərliyi var və istərdim ki, bu vəziyyətdən çıxsınlar. Gözəl rəhbərlər və tanınmış insanlardır. Komandanın bütün oyunlarını izləyirəm. "Neftçi" gec-tez yüksək səviyyədə olacaq. Çünki flaqmandır, tarixi var. Bu komandanı mütləq qaldırmalıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi