İran Yunanıstandan FIFA-ya şikayət edəcək

İran Yunanıstandan FIFA-ya şikayət edəcək Bakı. 1 iyun. REPORT.AZ/ İran Futbol Federasiyası (FFİRİ) Yunanıstan Futbol Federasiyasından (HFF) FIFA-ya şikayət edəcək.
Futbol
1 İyun , 2018 10:41
İran Yunanıstandan FIFA-ya şikayət edəcək

Bakı. 1 iyun. REPORT.AZ/ İran Futbol Federasiyası (FFİRİ) Yunanıstan Futbol Federasiyasından (HFF) FIFA-ya şikayət edəcək.

“Report” xəbər verir ki, buna səbəb Yunanıstan yığmasının iyunun 2-də Türkiyədə İstanbul şəhərində İran millisi ilə öncədən planlaşdırılmış yoldaşlıq oyunundan imtina etməsidir.

HFF ilə əlaqələri kəsdiyini açıqlayan FFİRİ təzminat tələbi ilə ali futbol qurumuna üz tutacaq. Bildirilir ki, Yunanıstanın matçdan imtinası İran yığmasının DÇ-2018-ə hazırlığına ciddi zərbə endirib.

Beləliklə, İran millisi mundial ərəfəsində yalnız iyunun 8-də Rusiyanın paytaxtı Moskvada Litva yığması ilə yoldaşlıq görüşü keçirməklə kifayətlənəcək.

İran və Yunanıstan yığmaları bu ilin fevralında Türkiyədə yoldaşlıq oyunu keçirməyi razılaşdırıblar. Lakin martda Yunanıstanın iki vətəndaşı sərhəddi pozduğu üçün Türkiyə tərəfindən həbs olunublar. Yunanıstan tərəfi iddia edir ki, bu, bilərəkdən baş verməyib. İnsidentdən sonra HFF prezidenti Evangelos Qrammenos İrana yoldaşlıq görüşünü Türkiyədə deyil, Afinada keçirməyi təklif edib. Lakin iranlılar bunu qəbul etməyiblər.

HFF iddia edir ki, FFİRİ imtinaya səbəb kimi qarşılaşmanın Afinada keçirilməsinin İran yığmasının mundiala hazırlıq planına uyğun gəlmədiyini və görüş zamanı bannerlərdə spirtli içki reklamlarının yer alacağını əsas gətirib.

FFİRİ isə oyunun Afinada baş tutmasının əlehinə olmadıqlarını açıqlayıb.

İran yığması iyunun 2-də Yunanıstan millisinin əvəzinə İstanbulda Kosovo ilə yoldaşlıq görüşü keçirməli idi. Lakin mayın 31-də Kosovo Futbol Federasiyası İranla matçın təxirə salındığını açıqlayıb. Buna səbəb İranın görüşün azarkeşsiz və qapalı keçirilməsini tələb etməsi olub.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. B qrupunda yer alan İran millisi iyunun 15-də Sankt-Peterburqda Mərakeş, iyunun 20-də Kazanda İspaniya, iyunun 25-də isə Saranskda Portuqaliya yığması ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi