Bakı. 19 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının XXX turunda baş verən hüquq pozuntuları ilə bağlı qərarlar qəbul olunub. "Report" xəbər verir ki, “Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Neftçi"yə 1000 manat cərimə kəsilib.
Əvəzində oyunun 23-cü dəqiqəsində flaqmanın hücumçusu Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi kimi dəyərləndirilib və ləğv olunub. Beləliklə, "ağ-qaralar"ın bu epizodla bağlı etirazı müsbət cavablandırılıb. İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra belə qərar qəbul edib.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə 1 oyunluq cəzaya məruz qalıb. Ukraynalı mütəxəssis "Rəvan”la qarşılaşmanın 88-ci dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün növbəti tur "Xəzər Lənkəran"la səfər matçında tribunadan təlimatlar verəcək. Klubu isə ona görə 1000 manat cərimələnib. “Qəbələ”yə daha 1000 manat cərimə 4 futbolçusunun sarı vərəqə alması üzündən kəsilib.
Oyunun 61-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmış “Rəvan”ın futbolçusu Saşa Yunisoğlu 1 oyun cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
AZAL – “Sumqayıt” matçında isə hər iki klub 4 futbolçusunun sarı vərəqə almaları səbəbindən 1000 manat cərimələnib.