"İnter" klubunun futbolçusu: "Berti Foqts mənimlə prinsip aparırdı"

"İnter" klubunun futbolçusu: "Berti Foqts mənimlə prinsip aparırdı" Asif Məmmədov Azərbaycan millisinə çağırılmamasının səbəbini açıqlayıb
Futbol
1 Noyabr , 2014 12:46
İnter klubunun futbolçusu: Berti Foqts mənimlə prinsip aparırdı
Bakı. 1 noyabr. REPORT.AZ/ "Berti Foqtsun dönəmində milli komandaya çağırılmamağım heç də oyunumla əlaqəli deyildi. Sadəcə, yığmamızın baş məşqçisi mənimlə prinsip aparırdı". Bu sözləri "Report"a açıqlamasında Bakının "İnter" klubunun futbolçusu Asif Məmmədov deyib.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasının keçmiş baş məşqçisi Berti Foqtsun bu müddət ərzində onu görməzlikdən gəldiyini bildirib. Futbolçu bunun səbəbini mətbuata verdiyi müsahibə ilə əlaqələndirib: "Ən yaxşı formada olduğum vaxtlarda belə, Foqts məni heç qısamüddətli seleksiya toplanışlarına da çağırmırdı. Artıq I Diviziondan milliyə oyunçu çağırılanda başa düşdüm ki, bu adam mənə heç vaxt dəvət göndərməyəcək. Bir dəfə müsahibəmdə bildirmişdim ki, milliyə düşmək üçün gərək Almaniyanın həvəskarlar liqasında oynayım. Görünür, Foqtsun həmin müsahibədən xəbəri olub ki, mənimlə prinsip aparıb. Çünki Premyer Liqada daim oynayan futbolçu olmuşam və o, mənim oyunumu görməyə bilməzdi".

A.Məmmədov milli komandanın baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Mahmud Qurbanovdan dəvət gözlədiyini də əlavə edib: "İnanıram ki, Mahmud müəllim məni seleksiya xarakterli toplanışa çağıracaq. Özümü yığmanın formasını layiqincə daşımağa hazır sayıram".

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Mahmud Qurbanov yaxın günlərdə Norveçlə AVRO-2016-nın seçmə qrup matçı üçün geniştərkibli heyəti açıqlayacaq. 

Son xəbərlər

Orphus sistemi