Yuxarı

"Neftçi"nin legioneri: "Qələbə qazanmaq və mərhələ adlamaq üçün hər şeyi etdik"

İlk dövrəni geridə qoymuş və fikrimizi kubok matçlarına yönəltmişdik

Bakı. 19 dekabr. REPORT.AZ/ "Bu matçın gərgin keçəcəyini bilirdik. Keçən oyunda 0:2 hesablı məğlubiyyətdən sonra bu görüşün çətin olacağı məlum idi. Ancaq bu gün komandamız əsl xarakter göstərdi və sona qədər mübarizə apardı. Qol vurmaq üçün hər şeyi etdik. Bu, elə oyundur ki, ələ düşən epizodlardan maksimum yararlanmaq lazım idi. Rəqib müdafiədən oynayırdı deyə bizim üçün hücum qurmaq və qol epizodu yaratmaq çətin idi. Amma hər şey etsək də, kubokdakı mübarizəmizi dayandırdıq".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Qoran Paratski səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.

Xorvatiyalı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:

- "Sumqayıt"la çempionat matçında da heç-heçə etdiniz. Komandanızın eniş dövrü yaşadığını demək olarmı?

- Onu deyə bilərəm ki, "Sumqayıt" bu görüşlərdə çox müdafiəyə meylli oynadı. Biz də qələbə qazanmaq və mərhələ adlamaq üçün hər şeyi etdik. Düşünmürəm ki, komandamız eniş dövrünü yaşayır.

- "Neftçi" bir neçə ildir ki, çempion ola bilmir və bu mövsüm də əsas gücü çempionata yönəldib. Demək olarmı ki, kubok matçları sizin üçün ikinci planda idi?

- Deməzdim ki, bu, ikinci planda idi. İlk dövrəni geridə qoymuş və fikrimizi kubok matçlarına yönəltmişdik. Amma bu tip oyunlardan daha çox keçirsək, daha yaxşı olacağıq.

- Premyer Liqada da "Qarabağ" "Neftçi" ilə xal fərqini 3-ə endirib. Fasiləyə pis əhval-ruhiyyədə getmirsiniz?

- Düşünmürəm ki, komanda fasiləyə pis əhvalda gedir. Bu, kubok matçıdır. Növbəti mərhələyə çıxmaq istəyirdik. Təəssüf ki, bu, bizdə alınmadı. Çempionatın ilk dövrəsini lider kimi bitirdik. Dincəlmək və ikinci dövrəyə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq.

- "Forza Neftçi" azarkeş qrupu artıq 2 oyundur ki, tribunaya gəlmir. Sizcə, bu proses nə qədər davam edəcək? Azarkeşlərin yoxluğu sizə necə təsir edir?

- Azarkeşlərin tribunada olması yaxşı haldır və bizə əlavə motivasiya verir. Onların 2 oyundur gəlməməsinin səbəbini bilmirəm. Ümid edirəm ki, növbəti matçlarda bizi dəstəkləyəcəklər. Amma dediyim kimi, azarkeşlərin niyə gəlmədiklərini bilmirəm.

Qeyd edək kiFutbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi