"Qarabağ"ın futbolçusu: "Həmin oyundan sonra bir həftə şokda oldum"

"Qarabağ"ın futbolçusu: "Həmin oyundan sonra bir həftə şokda oldum" Mənim üçün 2 nömrənin xüsusi anlamı yoxdur. Sadəcə, bu rəqəmə simpatiyam var.
Futbol
29 Mart , 2020 17:26
Qarabağın futbolçusu: Həmin oyundan sonra bir həftə şokda oldum

"Mənim üçün "2" nömrənin xüsusi anlamı yoxdur. Sadəcə, bu rəqəmə simpatiyam var".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Qara Qarayev "Facebook" səhifəsində azarkeşlərin suallarını cavablandırarkən deyib.

Oyunlara "2" nömrəli forma ilə çıxmasının səbəbini açıqlayan 28 yaşlı yarımmüdafiəçi bunun tarixçəsini danışıb. Qarayevin sözlərinə görə, "Qarabağ"da oynamağa başlayanda bu nömrə ilə Elnur Allahverdiyev çıxış edib: "Ondan xahiş etmişdim ki, "2" nömrəni mənə versin. O isə "yox, özüm geyinirəm" demişdi. Ondan sonra məndə prinsipiallıq yarandı. Özümə söz verdim ki, nə olur-olsun, bu nömrəni ələ keçirəcəyəm".

Təcrübəli oyunçu çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyinin liderləri, dünya futbolunun iki əfsanəsi - İspaniya millisi və "Barselona"nın sabiq üzvü Xavi Ernandeslə İtaliya yığması və "Yuventus"un keçmiş yarımmüdafiəçisi Andrea Pirlonu müqayisə edib: "Milli komandanın heyətində Pirloya qarşı oynamışam. Hansı səviyyədə oynadığı göz qabağında idi. Bizimlə matçda görmüşdük. Amma "Barselona" azarkeşi olduğum üçün Xaviyə daha çox simpatiyam var. Onun "Barselona"da gördüyü işləri daha çox ön plana çıxarmaq istəyirəm. Seçim qarşısında qalsam, Xavi deyəcəyəm".

Milli üzvü "Barselona"nın yarımmüdafiəçisi Serxio Busketsin oyun üslubunu bəyəndiyini söyləyib: "Fiziki göstəricilərimə görə azarkeşlər məni Marko Verattiyə bənzədirlər. Amma mən oyun üslubumun daha çox Serxio Busketsə oxşamasını istərdim. Kumirim deməzdim, amma daha çox onun oyunlarını izləyir və hərəkətlərini yadımda saxlamağa çalışıram".

Futbolçu ən çox sevdiyi yeməyin adını açıqlayıb: "Qarabağ" və milli komandalarla səfərə çıxdığımız vaxtlarda bizim mətbəxin çox fərqli olduğunu hiss etmişəm. Öz yeməklərimizin dadı daha mükəmməldir. Ən çox xoşladığım yemək Qarabağ plovudur".

Qarayevin sözlərinə görə ən çox məyus olduğu oyun 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya "İnter"i ilə qolsuz bərabərə qaldıqları qarşılaşma olub: "Həmin görüşdən sonra bir həftə şokda oldum. Çünki tarixi uğura imza atacaqdıq. Amma qismət olmadı. Hakimin verdiyi yanlış qərar bizi qrupdan çıxmağa qoymadı".

Dayaq yarımmüdafiəçisi sonda bildirib ki, "Qarabağ"ın baş məşqçisi olsa, 11 metrlik cərimə zərbələrini vurmağı Mahir Emreliyə həvalə edərdi.

Son xəbərlər

Orphus sistemi