Yuxarı

Helio Souza: "İspaniya futbolunun hegemonluğu bizi qorxutmur"

Biz də rəqibdən geri qalmırıq, oyunçularımız yetişir

Bakı. 20 may. REPORT.AZ/ "Finala gəlmək üçün hər iki komanda böyük yol keçib və həlledici görüşdə maraqlı oyun olacaq". "Report"un məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Helio Souza Bakıdakı Avropa çempionatının İspaniya ilə final görüşündən öncə keçirilən mətbuat konfransında deyib.

H.Souza bildirib ki, həlledici görüş də Bakı Olimpiya Stadionunda keçirilsəydi daha yaxşı olardı. Ancaq o, "Bakcell Arena"da oynamaqda da heç bir problem görmədiyini bildirib: "İnanıram ki, azarkeşlər bu oyundan zövq alacaqlar".

Baş məşqçi hazırda Avropa futbolunda İspaniyanın hegemonluq etdiyini söyləsə də, Portuqaliyanın da güclü olduğunu vurğulayıb: "Hazırda İspaniya futbolu Avropada hegemonluq edir. Ancaq qeyd etmək istərdim ki, 8 dəfə İspaniya, 5 dəfə Portuqaliya Avropa çempionu olub. Biz də rəqibdən geri qalmırıq, oyunçularımız yetişir. İspaniya futbolunun hegemonluğu bizi qorxutmur və komandama güvənirəm. Hər il son "18-liy"i müəyyənləşdirməkdə çətinlik çəkirik. İlk olaraq, çoxlu futbolçu olur, amma sonluqda çətinliklər yaranır". 

47 yaşlı mütəxəssis bütün oyunlarda öz oyun fəlsəfələrinə sadiq qaldıqlarını və finalda da belə olacağını söyləyib: "Rəqibin bizə qarşı necə oynamasından çox şey asılıdır. İspaniya yığması hücum futbolu üçün imkan yaratsa, belə də olacaq. Yaratmasa, onda başqa cür oynamaq lazımdır".

Qeyd edək ki, İspaniya - Portuqaliya matçı mayın 21-də "Bakcell Arena"da keçiriləcək. Oyun saat 20:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi