Yuxarı

"Qəbələ"nin futbolçusu: "Uğursuz nəticələrlə əlaqədar baş məşqçimizə də iradlar çatdırılıb" - MÜSAHİBƏ

"Heç kimi bizi əmin etməyib ki, komanda əsas çempionatdan aşağı düşməy

Asif Məmmədov

"Qəbələ" komandasının futbolçusu Asif Məmmədovun "Report"a müsahibəsi

- Komandanız qış fasiləsindən sonra dörd oyunun hamısında məğlub olub. Bunun səbəbini nədə görürsünüz?

- Matçlara baxanda görünür ki, pis oynamırıq, amma nəticə yoxdur. Nəticə olmayanda, istər-istəməz yaxşı çıxış etdiyimiz görüşlər də unudulur. "Keşlə"yə 1:2, "Sabah"a isə 2:3 hesabı ilə uduzduğumuz matçlarda da pis oynamamışdıq. Amma nəticə yoxdursa, danışmaq yersiz olar. Bir az bəxtimiz də gətirmir. İbrahima Niasse və Davit Volkovun da gedişi hardasa təsir edir. İndi isə təzə oyunçularımız var. Komanda yavaş-yavaş özünə gəlməyə başlayır. Heyətdə bəzi dəyişikliklər oldu, oyunçuların uyğunlaşması da var.

- Bəlkə "Qəbələ"nin hücumçuları istənilən səviyyədə deyil?

- Axı qollar vururuq. Biri var ki, qol vura bilməyəsən. Məsələ ondadır ki, asan qollar buraxırıq. İmkanlardan da yararlana bilmirik. "Sabah"la matçda 3-4 dəfə 100 faizlik qol şanslarından yararlana bilmədik. Hücumçular cavandırlar, onları da nəzərə almaq lazımdır. Futbolda təcrübə məsələsi də önəmlidir. Gənclər davamlı oynadıqca, təcrübələri artar və bu problem aradan qalxar. Qarşıda çox oyun var. İstəyirik ki, son pillədən xilas olaq. Vacib kubok matçlarımız da olacaq. Ona kimi özümüzə gəlmək istəyirik.

- Sizcə, "Qəbələ"nin yeni transferləri istənilən səviyyədədirmi və onlardan hansını fərqləndirə bilərsiniz? 

- Komandaya 3 yeni oyunçu cəlb olunub. Belə baxanda pis deyillər, onlara bir az vaxt lazımdır. Baxırsan ki, səviyyələri var və oynaya bilirlər. Başqa ölkələrdən gəliblər, zamana ehtiyacları var. Futbolçu kimi qablarında nəsə var, yaxşı futbolçulardır. Kifayət qədər də yaxşı və normal klublarda oynayıblar. Ona görə də bizə xeyir verəcəklərinə inanıram.

- "Qəbələ"nin rəhbərliyi komandaya nəticələrlə bağlı iradını bildirib?

- Nəticə olmayanda iradın olması normaldır. Kim istəyər ki, onun komandası son sırada olsun və ardıcıl oyunlarda məğlub olsun. İrad olmalıdır. Nəticə olmayacaqsa, iradlarını bildirəcəklər. Belə məlumatım yoxdur, amma yəqin ki, baş məşqçimizə də iradlar çatdırılıb. Ola bilməz ki, deyilməsin.

- Azarkeşlər "Neftçi"yə 0:2 hesabı ilə uduzduğunuz oyundan sonra baş məşqçi Elmar Baxşıyevi istefaya səslədi...

- Bu, futboldur, belə şeylər olur. 4 oyunda hansısa komanda udmursa, azarkeş istefa qışqırırsa, nə deyə bilərik? Azarkeşin öz hüququ var. Azarkeşlə mübahisə etməyə dəyməz. Çünki o, öz fikrin bildirir. 4 oyundur ki, nəticəmiz yoxdur. Onlar da pis olur. Fanatlar gəlirlər, əziyyət çəkirlər, görürlər ki, nəticə yoxdur. Azarkeşlərə demək istəyirəm ki, səbrli olsunlar. Qarşıda çox oyunlarımız var. İnanıram ki, azarkeşlərlə birlikdə bu "qara zolaq"dan çıxacağıq. Başqa yolumuz yoxdur. Baş məşqçinin tez-tez dəyişilməsi yaxşı deyil. Tutaq ki, Elmar müəllim getdi və yerinə başqası gəldi. Mövsümün əvvəlində komanda yenə pis vəziyyətdə idi. Bu, o Elmar müəllim idi ki, komandamız onun rəhbərliyi altında bir az özünə gəldi və oynadı. Həmin vaxt Elmar müəllimi tərifləyirdilər. İndi bir az belə olub. Bu adam əlindən gələni edir ki, yaxşı olsun. "Qara zolaq" deyilən bir söz var. Alınmayanda alınmır. Hamımız bir nəfər kimi vəziyyətdən çıxmağa çalışırıq. Ona görə də səbrli olmaq lazımdır.    

- "Qəbələ" əsas gücünü ölkə kubokuna sərf edəcək? 

- Aprelin 22-də və 29-da "Zirə" ilə keçirəcəyimiz kubok matçlarınadək son pillədən xilas olmaq üçün oynayacağıq. Yarımfinaladək çox var. İndidən bunu düşünsək, ağılsızlıq olar. Əsas odur ki, bu vəziyyətdən çıxasan və oyuna yaxşı əhval-ruhiyyədə yollanasan.

- Ötən mövsüm "Keşlə" sonuncu yeri tutsa da, Premyer Liqa ilə vidalaşmadı. Bəlkə bu fakt "Qəbələ"ni bir az rahatlaşdırıb? 

- Belə deməzdim. Biz onu fikirləşirik ki, son pillədəki komanda növbəti mövsüm çempionatda olmaya bilər. Biz bunu düşünürük. Heç kim bizi əmin etməyib ki, komandanız əsas çempionatdan aşağı düşməyəcək. Ona görə də belə bir şey düşünmürük. Tam məsuliyyətlə fikirləşirik ki, sonuncu olsaq, I Diviziona enə bilərik. Təcrübəli futbolçular da cavanlarla bu barədə danışırlar. "Gələn mövsüm də Premyer Liqada qalacağıq" deyə bir şey yoxdur. Sonuncu pillədən qurtulmaq lazımdır.

- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Report"a açıqlamasında bildirib ki, I Diviziondan 3 komanda gəlsə, Premyer Liqanın autsayderi aşağı liqaya düşəcək...

- Belə bir açıqlamadan xəbərsiz idim. Amma o sözdən də öncə bizim söhbətimiz belə olub ki, son pilləyə layiq komanda deyilik. Çalışıb, bu vəziyyətdən çıxmaq lazımdır.

- XIX turda "Zirə" ilə qarşılaşacaqsınız. Rəqibin baş məşqçisi Zaur Həşimovu da yaxşı tanıyırsınız, "Zirə" də yaxşı durumda deyil. Bu görüş hansısa baş məşqçinin istefasına səbəb ola bilər?

- İstefaları barədə bir söz deyə bilmərəm. Amma bilirəm ki, hər iki kollektiv "qara zolaq"dadır və onlara da, bizə də qələbə lazımdır. Bizi çox maraqlı oyun gözləyir. Ciddi hazırlaşırıq. Vəziyyətimiz elə də yaxşı deyil. "Zirə"nin vəziyyətini fikirləşib, oyuna çıxmırıq. Bilirik ki, rəqib də ardıcıl məğlubiyyətlər alır. Biz də 3 xala həsrətik. Bu oyun bizim üçün ölüm-qalım mübarizəsi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi