Güvenç Kurtar: "Türkiyə millisinin AVRO-2020-dəki oyunlarını Bakıda keçirəcəyi xəbərini böyük sevinclə qarşıladıq" - MÜSAHİBƏ

Güvenç Kurtar: "Türkiyə millisinin AVRO-2020-dəki oyunlarını Bakıda keçirəcəyi xəbərini böyük sevinclə qarşıladıq" - MÜSAHİBƏ Bakının “Rəvan” komandasının sabiq baş məşqçisi, hazırda Türkiyənin “A Spor” telekanalında şərhçilik edən Güvenç Kurtarın “Report”a müsahibəsi...
Futbol
2 Dekabr , 2019 13:38
Güvenç Kurtar: Türkiyə millisinin AVRO-2020-dəki oyunlarını Bakıda keçirəcəyi xəbərini böyük sevinclə qarşıladıq - MÜSAHİBƏ

Bakının “Rəvan” komandasının sabiq baş məşqçisi, hazırda Türkiyənin “A Spor” telekanalında şərhçilik edən Güvenç Kurtarın “Report”a müsahibəsi...

- Türkiyə millisi AVRO-2020-də iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə yığmaları ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Püşkü necə dəyərləndirirsiniz?

- Türkiyə millisinin Avropa çempionatının 2 oyununu Bakıda keçirəcəyi xəbərini böyük sevinclə qarşıladıq. Buna görə xoşbəxtik. Həm Azərbaycanı təkrar görmək imkanımız olacaq, həm də dəstəkçilərimiz çox olacaq. Bakıda öz evimizdəki kimi oynayacağıq. Millimizin matçlarını Azərbaycanda və ya Türkiyənin hansısa şəhərində keçirməsinin ciddi fərqi yoxdur. Hər ikisi bizim məmləkətimizdir. Çox gözəl püşk oldu. Mənim kimi Bakını görənlər təkrar gələcəklər. Gəlməyənlər isə Azərbaycanla tanışlıq fürsəti əldə edəcəklər. Avropa çempionatının başlamasını səbrsizliklə gözləyirəm.

- Türkiyə millisinin İtaliya, İsveçrə və Uels birgə yer aldığı A qrupundakı şanslarını necə görürsünüz?

- Bizim komandamızın şansı digərlərindən çoxdur. Millimiz seçmə mərhələdə dünya çempionu Fransadan 4 xal aldı. Səfərdə 1:1-lik heç-heçə etdiyimiz halda, evdə onları 2:0 hesabı ilə məğlub etdik. Yeni futbolçu nəslimiz, əsasını gənclərin təşkil etdiyi yaxşı komandamız var. Baş məşqçimiz Şenol Günəş də çox təcrübəli mütəxəssisdir. Ona görə də AVRO-2020-də uğur qazanacağımıza inanıram.

- Azərbaycanda çalışdığınız üçün buradakı idman infrastrukturuna bələdsiniz. Milli komandanıza harada məskunlaşmağı, məşq etməyi tövsiyə edə bilərsiniz?

- Bəli, Azərbaycanda yaxşı idman obyektləri var, stadionlar çox gözəldir. Bakı Olimpiya Stadionu möhtəşəmdir. Lakin seçim məsələsinə Şenol Günəş qərar verəcək. Baş məşqçimiz daha öncə Azərbaycanda olub. Lazım gəlsə, təkrar səfər edər və ya nümayəndə göndərər. Araşdırdıqdan sonra təlim-məşq üçün məkanları seçərlər. Bakıdan çox məmnun qalacaqlarına əminəm.

- Hazırda “A Spor”da şərhçilik edirsiniz. Məşqçi karyeranızı bərpa etməyi düşünmürsünüz?

- Bəli, televiziyada çalışıram. Azərbaycanda çox yaxşı günlərimiz oldu. “Rəvan”da işlədiyim 2014-cü ildə Azərbaycan Kuboku qazana bilərdik. Təəssüf ki, “Bakı” kimi rəqibi mübarizədən kənarlaşdırandan sonra “Neftçi”ni keçə bilmədik. Çox uğurlu mövsüm keçirdiyimizü düşünürəm. Təəssüf ki, daha sonra Azəraycandan təklif almadım. Amma belə bir imkan olsa, məmnuniyyətlə qəbul edərəm.

- Türkiyə millisinin oyunları üçün Bakıya gələcəksiniz?

- Əlbəttə! Azərbaycan xalqına böyük sevgim, rəğbətim var. Təkrar Azərbaycana səfər edəcəyimiz üçün xoşbəxtəm.  

Son xəbərlər

Orphus sistemi