Bakı. 17 mart. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda II qrupun oyunlarına start veriləcək. "Report"un məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək.
İlk turda əvvəlcə Portuqaliya və Serbiya yığmaları üz-üzə gələcək. Qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Matçın start fiti saat 13:00-da səslənəcək.
Növbəti oyunda isə Azərbaycan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Mirbağır İsayevin rəhbərlik etdiyi komanda "Bakcell Arena"da xorvatiyalı həmyaşıdlarını məğlub etməyə çalışacaq. Millinin matçı saat 16:30-da başlayacaq.
Qeyd edək ki, milli komanda martın 19-da Portuqaliya, martın 22-də isə Serbiya ilə üz-üzə gələcək.