Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək “Kəpəz” “Neftçi”ni, “Qarabağ” isə “Qəbələ”ni qəbul edəcək
Futbol
9 Aprel , 2017 09:00
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış matçı Gəncədə “Kəpəz” ilə “Neftçi” arasında keçiriləcək. Yaxın keçmişdə çempionluq uğrunda mübarizə aparan kollektivlər indi son pillələrdə qərarlaşıblar və Avrokuboka vəsiqə verən 4-cü yeri tutmağa can atırlar.

26 xalla 6-cı pillədə qərarlaşan “ağ-qaralar” ən yaxın izləyici olan əyalət təmsilçisindən 2 xal öndədir. Bu isə o deməkdir ki, gəncəlilər II dövrədə olduğu kimi, yenə də evdə qalib gəlsələr, turnir cədvəlində “Neftçi”ni qabaqlayacaqlar.

Gəncədəki duel “Kəpəz”lə “Neftçi”nin milli çempionatlar tarixində 47-ci görüşü olacaq. Əvvəlki 46 matçın 17-də “sarı-göylər”, 21-də isə “ağ-qaralar” qalib gəlib.

Həftənin əsas oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 52 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ” 4 xal qabaqladığı ən yaxın izləyicisi “Qəbələ”ni qəbul edəcək.

Cari mövsümün ilk 3 dövrəsində baş tutan oyunlarda üstünlük Qəbələ təmsilçisinin tərəfində olub. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv evdə keçirdikləri hər iki qarşılaşmada rəqibini 2 cavabsız qolla üstələyib, səfərdə isə 1:2 hesabı ilə uduzub. Qonaqlar çempionluq şansını böyük ölçüdə əldən verməmək üçün bu dueldən qalib ayrılmalıdır. Əks halda, Qurban Qurbanovun komandası qızıl medallara bir qədər də yaxınlaşacaq.

“Qarabağ”la “Qəbələ”nin çempionat oyunlarının balansı Ağdam klubunun üstün olduğunu göstərir. "Qarabağ" 35 dueldən 16-da, “qırmızı-qaralar” isə 9-da qələbə qazanıb.

Qeyd edək ki, XXV tura aprelin 10-da keçiriləcək “Zirə” – “İnter” və AZAL - “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXV tur

9 aprel (bazar)

16:00 “Kəpəz” – “Neftçi”

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Murad Məmmədov

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar - 0:2, 2:0, 0:0

20:30 “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu (CBC Sport / canlı)

İlk 3 dövrədəki oyunlar - 0:2, 2:1, 0:2

Son xəbərlər

Orphus sistemi