Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək XXII turun ilk oyun günündə 2 görüş olacaq
Futbol
13 Mart , 2017 07:30
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

"Report"un məlumatına görə, XXII turun ilk oyun günündə 2 görüş olacaq.

Gəncə şəhər stadionunda "Kəpəz" "Zirə"ni qəbul edəcək. Fariz Yusifovun idarə edəcəyi matç hər iki komanda üçün Avropa Liqasına vəsiqə yolunda böyük önəmə malikdir. Meydan sahibləri qalib gəlsə, xallarını 21-ə çatdıraraq, ən azı bir günlük 6-cı pilləyə yüksələcək. Qonaqlar qələbə qazansa, xallarını 32-yə çatdırmaqla, 4-cü pillədə möhkəmlənəcək. Bu oyunun nəticəsi günün digər qarşılaşmasında üz-üzə gələcək "İnter" və "Sumqayıt" üçün də ciddi əhəmiyyət kəsb edir. Paytaxt təmsilçisi qalib gəlsə, xallarını 39-a çatdıracaq və "Zirə" ilə xal fərqinin azalmasına imkan verməyəcək. 25 xalla 5-ci pillədə olan "Sumqayıt" isə əldən verdiyi 4-cü mövqe ilə xal fərqini azaltmaq üçün qələbə qazanmalıdır.

"Kəpəz"lə "Zirə" indiyədək 7 dəfə üz-üzə gəlib. Komandalar hərəyə 2 qələbə qazanıb, 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti gəncəlilərin xeyrinədir - 9:8. Meydan sahibi olan komanda indiyədək uduzmayıb. Son üç matçda qonaq tərəf qola və xala həsrət qalıb. “Kəpəz”in ev oyunlarının hamısında 2 qol qeydə alınıb.

"İnter"lə "Sumqayıt" isə 20-ci dəfə qarşılaşacaq. Əvvəlki görüşlərdə paytaxt komandası 11, "gənclik şəhəri" təmsilçisi 2 qələbə qazanıbsa, 6 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti də "bankirlər"in xeyrinədir - 31:14. “İnter”in meydanındakı son 3 oyunda 4 və ya daha çox qol vurulub. “Sumqayıt” 5 oyundur qalib gələ bilmir. “İnter” 8 görüşdür meydanı qolsuz tərk etmir.

Bu qarşılaşma həm də "Sumqayıt"ın baş məşqçisi Samir Abbasovun futbolçu kimi formasını geyindiyi komandaya qarşı növbəti oyunu kimi əlamətdar olacaq. Əvəzində "Kəpəz"in futbolçusu Nicat Qurbanov cəzalı olduğu üçün keçmiş klubu "Zirə"yə qarşı oynaya bilməyəcək.

Azərbaycan Premyer Liqası, XXII tur

13 mart (bazar ertəsi)

15:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1

18:00. “İnter” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

“İnter Arena”

İlk 3 dövrədəki oyunlar: 2:1, 3:1, 2:2

Son xəbərlər

Orphus sistemi