Yuxarı
    Bağlamaq

    Fransada AVRO-2016 zamanı mümkün terror aktının qarşısının alınması məqsədilə təlimlər keçirilib

    Ssenariyə görə, Ukrayna və Şimali İrlandiya arasındakı matçdan əvvəl iki terrorçu-kamikadze stadionun şimal girişində özlərini partladır

    Bakı. 31 may. REPORT.AZ/ Futbol üzrə Avropa Çempionatı zamanı mümkün terror aktlarının qarşısının alınması məqsədilə dünən gecə Lion şəhərində yerləşən "Olimpic Park"da genişmiqyaslı təlimlər keçirilib.

    "Report" TASS-a istinadən xəbər verir ki, ssenariyə görə, Ukrayna və Şimali İrlandiya milli komandaları arasındakı matçdan əvvəl iki terrorçu-kamikadze stadionun şimal girişində özlərini partladır. Bu, 10 nəfərin ölməsinə və 80 nəfərin yaralanması ilə nəticələnir. Azarkeş kütləsi arasında güclü təşviş yaranır. Bununla əlaqədar olaraq, idman qurğusunun mühafizəçiləri, polis və jandermeriya məsələyə müdaxilə edir.

    Lionda güc və təhlükəsizlik orqanları məhz belə çətin vəziyyətdə necə hərəkət etməli olmalarıyla əlaqədar təlim keçirib. Təlimə hərbçilər, tibb işçiləri, xilasetmə və yanğın xidməti əməkdaşları da qatılıb. "Le Monde" qəzetinin məlumatına görə, təlimlərə Lion və ora yaxın şəhərlərin meriyaları, UEFA, Fransa dəmir yolları cəmiyyəti, Lion aeroportunun əməkdaşları da daxil olmaqla bir neçə yüz adam cəlb edilib. Çoxsaylı könüllülər isə azarkeşləri canlandırıb. Onlar hətta terror hücumundan zərər çəkənlərin, yardım etməyə çalışanların dilini anlamayan əcnəbilərin roluna girib.

    "Fransa Info" radiostansiyası təlimin ilkin nəticələrini açıqlayarkən bu təlimin bütün təhlükəsizlik tədbirləri mexanizmlərini və bütün qüvvələrin və orqanların işinin koordinasiyasını yoxlamağa imkan verdiyini vurğulayıb.

    Qeyd edək ki, AVRO-2016 iyunun 10-dən iyulun 10-dək Fransada keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi