Yuxarı

"Qəbələ"nin legionerinin Xorvatiya yığmasındakı debütü uğursuz alınıb

Ozobiçin komandası Çiliyə penaltilər seriyasında məğlub olub

Bakı. 11 yanvar. REPORT.AZ/ "Qəbələ" klubun futbolçusu Filip Ozobiçin Xorvatiya yığmasının heyətində debütü uğursuz alınıb. 

"Report" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi yığma "China Cup 2017” turnirində Çili yığmasına məğlub olub.

Start heyətində meydana çıxan Ozobiç 53-cü dəqiqədə kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıb. Dörd dəqiqə sonra isə baş məşqçi Ante Çaçiç onu Xorvatiyanın "Hayduk" klubunun üzvü Fran Tudorla əvəzləyib. 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qaydalara əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Çili 4:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra Çili yanvarın 15-də keçiriləcək finalda İslandiya yığması ilə qarşılaşacaq. İslandiyalılar Çinlə görüşdə 2:0 hesablı qələbə qazanıb. Yanvarın 14-də keçiriləcək 3-cü yer uğrunda görüşdə isə Çin və Xorvatiya milliləri üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi