​Bakının AZAL klubu dağılacağına dair xəbərlərə münasibət bildirib

​Bakının AZAL klubu dağılacağına dair xəbərlərə münasibət bildirib Fikrət Hüseynov: "Boş dayanmadığımızı hamı görəcək"
Futbol
8 İyun , 2015 17:47
​Bakının AZAL klubu dağılacağına dair xəbərlərə münasibət bildirib

Bakı. 8 iyun. REPORT.AZ/ "Bütün klublarda olduğu kimi, bizdə də müəyyən çətinliklər oldu. Amma mövsümün sonunda futbolçulara maaşlarının müəyyən hissəsini verdik. Hazırlıq başlayandan sonra bununla bağlı digər məsələləri də həll etməyə çalışacağıq". "Report"un məlumatına görə, bunu Bakının AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib.

Mətbuatda klubun dağılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən F.Hüseynov bundan məyus olduqlarını bildirib. O qeyd edib ki, məşqçilər gündəlik fəaliyyətləri ilə komandanın gücləndirilməsinə çalışırlar. Vitse-prezident bu istiqamətdə aktiv axtarışların getdiyini söyləyib: "Komanda fəaliyyətini davam etdirir. Hazırda əsas məsələ heyətin komplektləşdirilməsi, gücləndirilməsidir. Demək olar, hər gün yeni mümkün keçidlər üzərində müzakirə aparırıq. Düzdü, bəzi futbolçularla razılıq əldə olunsa da, son anda onların keçidi baş tutmayıb. Amma bu o anlama gəlmir ki, biz statik vəziyyətdəyik, çəkilib sakitcə kənarda dayanmışıq. Məşqçilər yorulmadan çalışır. Heyətin komplektləşdirilməsi ilə bağlı gündəlik müzakirələr gedir. Yaxın günlərdə rəsmi müqavilə bağlayacağımız futbolçular da olacaq. Bildiyiniz kimi, mövsümün sonunda 2 futbolçu ilə müqaviləni uzatdıq. Kərim Diniyev və Şəhriyar Rəhimovla yeni anlaşma əldə etdik. Bir çox futbolçuların klubla müqavilələri davam edir, onlarla yola davam edirik. Bir sözlə, klub haqda yayılan məlumatlar əsassızdır. Biz bu tip məlumatlara məhz heç bir əsası olmayan informasiya kimi yanaşırıq. Media işçilərindən xahiş edirik ki, bundan sonrakı informasiyalarında klubun rəsmi şəxslərinə istinadən məlumat versinlər".

Vitse-prezident Rəşad Abdullayev və Kamal Bayramovla yolların ayrılmasına da münasibət bildirib. Onun sözlərinə görə, klub tərəfindən R.Abdullayevə yeni müqavilə təklif edilib: "Rəşad bizim kapitanımız, aparıcı futbolçumuz idi. O, “Rəvan”dan ayrılıb futbolsuz qalanda AZAL onu komandaya dəvət etdi. İlyarım ərzində Rəşad bizdə özünü təcrübəli və peşəkar futbolçu kimi ən yaxşı tərəfdən göstərdi. Komandaya çox xeyri dəydi. Xüsusən son mövsümdə bəlkə də karyerasının ən yaxşı sezonlarından birini keçirdi. Biz ondan tam razı idik. Müqavilə müddəti bitməmişdən öncə ona yeni saziş təklif etik. O da müəyyən şərtlər irəli sürmüşdü. Çempionatın sonunda onun başqa kluba keçməsi futbolçunun öz seçimidir. Biz bu seçimə hörmətlə yanaşırıq. İlyarım əvvəl bizi seçmişdisə, indi başqa klubu seçib. Kamala gəlincə, “Araz Naxçıvan” fəaliyyətini dayandırandan sonra məşqçilərin istəyi ilə komandaya cəlb olunmuşdu. Onun müqaviləsi var idi. Amma özü getmək istədiyini dedi. Biz də heç bir əngəl yaratmadıq. Hər 2 futbolçuya böyük hörmətimiz var, hər ikisinə uğurlar arzu edirik. Amma AZAL onların yerini dolduracaq, onları layiqincə əvəzləyəcək, komandaya güc qatacaq yeni futbolçular cəlb etməklə boşluğu aradan qaldıracaq. Bu futbol həyatıdır. Futbolçuların başqa kluba keçməsi öz ixtiyarlarındadır. Biz də buna hörmətlə yanaşırıq. Daha maliyyə problemlərini qabardıb onların ayrılmasına başqa don geyindirmək lazım deyil".

F.Hüseynov komandanın gələcək planlarından danışarkən yeni transferlərlə bağlı işlərin getdiyini deyib. Klub rəsmisinin sözlərinə görə, yeni futbolçular həm yerli, həm də əcnəb olacaq: "İyunun 20-də məşqlərə başlayanda onların da düşərgəmizdə olmasına çalıçacağıq. Ölkə daxilində və ölkə xaricində toplanış keçmək planımız var. Onun icrası üzərində işlər gedir. Baxışa dəvət etmək istədiyimiz oyunçularla danışıqlar gedir. Onların siyahısı da məlumdur. Ad çəkmək istəmirəm. Amma yaxın zamanlarda bağlanılacaq müqavilələrlə boş dayanmadığımızı hamı görəcək. Sonda onu da deyim ki, AZAL həmişə olduğu kimi, ölkə çempionatında layiqincə mübarizə aparacaq, futbolun inkişafı yolunda fəaliyyətini davam etdirəcək. Ümidvaram ki, qarşıda görəcəyimiz işlər son vaxtlar yayılan xəbərlərə layiqli cavab olacaq".

Qeyd edək ki, AZAL Premyer Liqanın 2014/2015 mövsümünü 39 xalla 6-cı pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi