Yuxarı

FİFA prezidentliyinə namizəd dünya çempionatının bütöv regionda keçiriləcəyini vəd edib

Canni İnfantino komandaların sayının artırılacağına da söz verib

Bakı. 20 yanvar. REPORT.AZ/ FİFA prezidenti vəzifəsinə namizəd olan UEFA-nın baş katibi Canni İnfantino seçkiqabağı platformasını açıqlayıb. "Report"un "fifaforward2016.com"a istinadən verdiyi məlumata görə, 3 bölmədən ibarət sənəd ali futbol qurumunun idarəetmə proqramının 11 bəndini özündə cəmləyib.

Bəndlərdən ikisi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. C.İnfantino dünya çempionatının final mərhələsində iştirakçı komandaların sayını 32-dən 40-a çatdıracağını vəd edib. Bununla da ayrı-ayrı qitələr üzrə ayrılan kvota sayındakı narazılığa son qoyulacaq. Təşkilatçı ölkə seçimi isə şəffaf aparılacaq.

Baş katib, həmçinin mundialın bir və ya iki ölkədə deyil, bütöv regionda təşkilinin mümkünlüyünə baxılacağını bəyan edib. Bu isə dünya çempionatı təşkil etməsi mümkünsüz görünən kiçik ölkələrin əl-qolunu açacaq. Daha öncə UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının qitənin 13 şəhərində, o cümlədən, Bakıda keçirilməsinə qərar verib.

Proqramda FİFA İcraiyyə Komitəsinin FİFA Şurası ilə əvəzlənməsi, qurum üzvlərinin gündəlik strateji inkişaf məsələləri ilə məşğul olması, FİFA idarəetmə orqanlarında islahatların aparılması və müxtəlif vəzifələrdə çalışma müddətinə məhdudiyyətlərin qoyulması, pul axınına ciddi və müstəqil nəzarətin təşkili əksini tapıb.

Qeyd edək ki, FİFA prezidenti vəzifəsinə Canni İnfantinodan əlavə, ali futbol qurumunun baş katibinin sabiq müavini Jerom Şampan, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman ibn İbrahim əl-Xəlifə və cənubi afrikalı biznesmen Tokio Seksvale də namizəddir. Seçki fevralın 26-da keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi