Yuxarı

FİFA-nın yeni prezidentinin adı məlum olub - YENİLƏNİB

Bu, UEFA-nın baş katibi Canni İnfantinodur

Bakı. 26 fevral. REPORT.AZ/ FİFA-nın İsveçrənin Sürix şəhərində keçirilən Növbədənkənar Konqresi çərçivəsində quruma yeni prezident seçilib.

"Report"un məlumatına görə, bu, UEFA-nın baş katibi Canni İnfantinodur.

O, ikinci turda 115 səslə birinci yeri tutub. Şeyx Salman ibn İbrahim əl-Xəlifə 88, Əli ibn əl-Hüseyn 4 səs toplayıb. Jerom Şampana isə heç kim səs verməyib. Qaydalara əsasən, səslərin yarıdan çoxunu topladığı üçün C.İnfantino FİFA prezidenti olub.

Yeni FİFA prezidenti 2019-cu ilədək bu vəzifədə çalışacaq.

***20:21

İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisinin ikinci turu start götürüb. "Report"un məlumatına görə, bu post uğrunda ilk turdakı kimi, 4 namizəd mübarizə aparır.

Bunlar UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman ibn İbrahim əl-Xəlifə, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn və FİFA baş katibinin sabiq müavini Jerom Şampandır. İlk turda 88 səslə İnfantino qalib gəlib. Əl-Xəlifə 85, Əl-Hüseyn 26, Şampan 7 səs yığıb. İkinci turda qalib olmaq üçün bir namizəd səslərin 50 faizini (104 səs) qazanmalıdır.

Qalib müəyyənləşməsə, üçüncü tur təyin olunacaq. Növbəti tura 3 lider çıxacaq.

Qeyd edək ki, ilk turda səslərin 2/3 hissəsini toplamaq lazım gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi