Yuxarı
    Bağlamaq

    FİFA prezidenti: “Dünya çempionatında 3-cü yer uğrunda görüş ləğv olunmayacaq”

    Yozef Blatter: Mən Mişel Platinini başa düşürəm

    Bakı. 29 oktyabr. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter dünya çempionatlarında 3-cü yer uğrunda görüşün əhəmiyyətsiz olduğunu iddia edən UEFA-dakı həmkarı Mişel Platinin dediklərinə münasibət bildirib. "Report"un məlumatına görə, ali futbol qurumunun rəhbəri fransalı sabiq futbolçunun fikirləri ilə razılaşmayıb.

    "3-cü yer uğrunda görüş dünya çempionatının bir hissəsidir. Bu, ləğv olunmasına gərək duyulmayan böyük hadisədir. Mən Platinini başa düşürəm. O, futbolçu kimi Fransa yığmasının heyətində iki dəfə dünya çempionatında bürünc medal görüşünə çıxıb və hər ikisində uduzub" - deyə, Y.Blatter bildirib.

    Qeyd edək ki, Platini heç də Blatterin dediyi kimi Fransa yığmasında çıxış etdiyi vaxt dünya çempionatlarında 3-cü yer uğrunda qarşılaşmaların hər ikisində uğursuzluq yaşamayıb. Onun komandası həm 1982, həm də 1986-cı il dünya çempionatlarında 3-cü yer uğrunda oyuna çıxıb. Bunların birincisində Polşaya 2:3 hesabı ilə uduzan "xoruzlar" növbəti cəhddə Belçika ilə üz-üzə gəlib və əsas vaxtı 2:2 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmanın əlavə vaxtında qələbəyə nail olub - 4:2.

    Xatırladaq ki,UEFA və FİFA prezidentləri arasında münasibətlər son vaxtlar qaydasında deyil. Bunu Mişel Platini ilə Yozef Blatterin ayrı-ayrı məsələlərə baxışlarındakı fərqlər də sübut edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi