Bakı. 21 iyun. REPORT.AZ/ FİFA Meksika və Serbiya futbol federasiyalarını hərəyə 10 min İsveçrə frankı (təqribən 10 min dollar) məbləğində cərimələyib.
"Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna hər iki ölkə yığmasının azarkeşlərinin Rusiyadakı dünya çempionatlarında yolverilməz davranışları səbəb olub. Meksikalı fanatlar Almaniya ilə görüşdə Bundestimin qapıçısı Manuel Noyer topu oyuna daxil etdiyi vaxt homofob xarakterli şüarlar səsləndiriblər. FİFA bunu diskriminasiya və təhqiramiz hərəkət kimi dəyərləndirib.
Serbiyalı tərəfdarlar isə Kosta-Rika ilə qarşılaşmada siyasi və təhqiramiz banner nümayiş etdiriblər.
Qeyd edək ki, hər iki görüş Meksika və Serbiyanın eyni hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.