Yuxarı

FİFA Etika Komitəsi: "Mişel Platini üzərindən korrupsiya ittihamları götürülməyib" - YENİLƏNİB

CAS-da dinləmələr aprelin 29-da olacaq

Bakı. 26 aprel. REPORT.AZ/ UEFA-nın keçmiş prezidenti Mişel Platininin üzərindən bütün korrupsiya ittihamlarının götürülməsinə dair xəbər yayılıb. "Report"un ANSA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə FİFA Etika Komitəsinin qərar verdiyi bildirilir. 

Lakin Etika Komitəsi xəbəri təkzib edib. Komitənin Arbitraj Palatasının mətbuat katibi Mark Tenbüken məlumatın tamamilə düzgün olmadığını söyləyib: "Platini barədə qərar qüvvədə qalıb".  

İsveçrənin Federal Ədliyyə Bürosu 2015-ci il sentyabrın 25-də FİFA-nın ovaxtkı prezidenti Yozef Blatterin 2001-ci ildə M.Platininin hesabına 2 milyon İsveçrə frankı məbləğində qeyri-qanuni köçürmə etməsi şübhəsi ilə iş açıb. Ötən il dekabrın 21-də hər iki şəxs ali futbol qurumun Etika Komitəsi tərəfindən 8 il müddətinə kənarlaşdırılıb. Təşkilatın Apellyasiya Komitəsi fevralın 24-də funksionerlərə qarşı sanksiyaları yüngülləşdirib və cəzanı 6 ilə endirib.

Məhz kənarlaşdırılması səbəbindən M.Platini fevralın 26-da keçirilmiş FİFA prezidenti seçkisində iştirak edə bilməyib. Qalib adını UEFA-nın isveçrəli keçmiş baş katibi Canni İnfantino qazanıb. 

Qeyd edək ki, həm Yozef Blatter, həm də Mişel Platini Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. M.Platininin apellyasiyası üzrə dinləmələr aprelin 29-da olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi