​Fariz Nəcəfov: "Bundan sonra "Qəbələ"yə futbolçuları baş məşqçi gətirməyəcək"

​Fariz Nəcəfov: "Bundan sonra "Qəbələ"yə futbolçuları baş məşqçi gətirməyəcək" "Transfer məsələləri ilə baş məşqçi yox, "Qəbələ"nin seleksiya qrupu məşğul olacaq"
Futbol
16 Dekabr , 2014 14:20
​Fariz Nəcəfov: Bundan sonra Qəbələyə futbolçuları baş məşqçi gətirməyəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ "Artıq Roman Qriqorçukla bütün detallar razılaşdırılıb və gün ərzində müqavilə imzalanacaq". Bunu "Report"a "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Onun sözlərinə görə, anlaşma 1.5 il müddətinə nəzərdə tutulub. Klub rəsmisi yeni baş məşqçinin özü ilə 3 köməkçi-məşqçi gətirəcəyini bildirib. F.Nəcəfov həmin köməkçilərin R.Qriqorçukun indiyədək çalışdığı Ukraynanın "Çernomorets" klubundan olacağını istisna etməyib: "Baş məşqçi öz köməkçiləri ilə işləyəcək. Yəqin ki, hər 3 köməkçisi sabiq komandasında çalışanlar olacaq. Eyni zamanda yerli köməkçi-məşqçilər qismində Dmitri Kramarenko və Sənan Qurbanov qalaraq, işlərini davam etdirəcəklər". 

Klub rəsmisi bildirib ki, transfer məsələləri ilə baş məşqçi yox, "Qəbələ"nin seleksiya qrupu məşğul olacaq. Son sözü isə Qriqorçuk deyəcək: "Baş məşqçinin də, seleksiyaçılarımızın da təqdim etdikləri siyahıya baxılacaq və qərar veriləcək. Ola bilər ki, Qriqorçuk hazırkı heyətdə olan futbolçulardan kimlərisə bəyənməsin, kimlərinsə oyunu onu qane etməsin. Gedənlər olsa, onların yerinə transferlər olacaq. Amma baş məşqçinin futbolçu gətirməsi kimi bir şey olmayacaq".

R.Qriqorçukun Qəbələyə gələnədək çalışdığı "Çernomorets" rəhbərliyi onun Odessa təmsilçisini tərk etməsindən xəbərsiz olduğunu açıqlayıb. Klub rəsmiləri bildirib ki, 49 yaşlı mütəxəssis komanda ilə birgə məzuniyyətə buraxılıb. F.Nəcəfov isə deyib ki, baş məşqçi ilə "Çernomorets" arasında problem yaransa, bunun "Qəbələ"yə aidiyyəti olmayacaq: "Qriqorçuk öz işinə peşəkar yanaşan biridir. Bu barədə onunla söhbətimiz olub. Heç bir problem olmayacaq, olarsa da bu, birmənalı baş məşqçinin öhdəsinə düşür".

Qeyd edək ki, Dorinel Muntyanunun gedişindən sonra "Qəbələ"nin baş məşqçi postu müvəqqəti olaraq Sənan Qurbanova həvalə edilib.

Son xəbərlər

Orphus sistemi