Fakundo Pereyra: Uğurlu start gözləyirəm

Fakundo Pereyra: Uğurlu start gözləyirəm "Qəbələ"nin yeni hücumçusu Avropa Liqasının qrup mərhələsində " PAOK" ilə oyun haqda fikirlərini bölüşüb
Futbol
16 Sentyabr , 2015 22:08
Fakundo Pereyra: Uğurlu start gözləyirəm

Bakı. 16 sentyabr. REPORT.AZ/"Qəbələ"nin Yunanıstan PAOK-undan icarəyə götürdüyü Fakundo Pereyra müqavilə üzrə məxsus olduğu klubla sentyabrın 17-də Avropa Liqasının qrup mərhələsində keçirəcəkləri ilk tur matçından danışıb. 

"Report" 28 yaşlı argentinalı hücumçunun oyunöncəsi açıqlamalarını təqdim edir.

- Sabah çox önəmli oyun olacaq. Avropa Liqasına mümkün qədər yaxşı nəticə ilə başlamağa çalışmalıyıq. İnanıram ki, qrup mərhələsinə uğurla başlayacağıq. Komandamdan uğurlu start gözləyirəm.

- Müqavilə ilə məxsus olduğunuz kluba qarşı oynayacaqsınız. Hansı hissləri keçirirsiniz?

- Cəmi bir neçə həftədir ki, "Qəbələ"nin heyətində məşq edirəm. İndi isə PAOK-a qarşı oynamalı olacağam. Qəribə hisslər keçirirəm. Çalışacağam ki, oynayacağım müddət ərzində "Qəbələ" üçün əlimdən gələn hər şeyi edim.

- Mətbuatda yazılanlara görə, baş məşqçi İqor Tudorla münasibətləriniz üzündən PAOK-u tərk etmisiniz. Ola bilərmi ki, sabahkı görüşdə xüsusi motivasiya ilə çıxış edəsiniz?

- Bu, düzgün informasiya deyil. Baş məşqçi ilə aramızda heç bir problem olmayıb. Sadəcə, İqor Tudor məni bir məsələ ilə əlaqədar əsas heyətdən kənarlaşdırmaq istəyirdi. Mən isə bu qərarla razılaşmadım. Hazırda burdayam və "Qəbələ"nin uğurları üçün çalışacağam.

- Qol vursanız, xüsusi formada qeyd edəcəksiniz?

- Xeyr, xüsusi qeyd etməyəcəyəm. Çünki bir il ərzində mənə yaxşı münasibət, qayğı göstərən insanlarla əhatə olunmuşdum. Ona görə də PAOK-a hörmətlə yanaşacağam.

- Tudor sabahkı oyun istisna olmaqla, Sizə bütün oyunlarda uğurlar arzuladı.

- Mən heç kimə pislik etmək istəmirəm. PAOK-a uğurlar arzulayıram.

Cavab görüşündə iştirak etməyəcəksiniz. Bu, nə dərəcədə ədalətli qərardır?

- Bilmirəm bu, ədalətlidir, yoxsa... Əsas odur ki, ilk görüşdə çıxış edəcəyik, sonrasına isə baxarıq.

Son xəbərlər

Orphus sistemi