Yuxarı

​Əziz Yıldırım istefa verməməsinin səbəbini açıqlayıb

Onun istefa verməməsinə azarkeşlərin elanı səbəb olub

Bakı. 27 may. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım bu gün keçirilmiş mətbuat konfransında istefa verməyəcəyini açıqlayıb. 

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, "Qalatasaray"ın çempionluğundan sonra klubdan ayrılmağı düşünən Ə.Yıldırım yerli mətbuatda yayımlanan elanı gördükdən sonra fikrindən daşındığını bildirib.

Elanda 17 ildir "Fənərbağça"nı idarə edən Ə.Yıldırımın klubdan getmək vaxtının gəldiyi qeyd olunub. 10 ildə Aleks de Souza, Roberto Karlos, Yahim Löv və Ziko kimi futbolçuların "sarı-lacivərdlər"in heyətində oynadığına, Aykut Kocamanın komandada baş məşqçi olmasına toxunulub. 17 ildə 6 çempionluğun qazanıldığı bildirilən elanda Ə.Yıldırımın təmtəraqlı vida mərasimi və hörmətlə İstanbul klubundan getmə vaxtının gəldiyi yazılıb. Bu fikirdə olanlar klub prezidentinin getməsi üçün imza atmağa dəvət edilib.

Elanı oxuduqdan sonra fikrindən daşınan Ə.Yıldırım klubdan getməmək qərarını bu cür açıqlayıb: "Bura "Fənərbağça" Cümhuriyyətidir. Burada padşahlıq olmaz, demokratiya var. Postumu tərk etmək istəyirdim, amma elanı gördükdən sonra fikrimdən daşındım. Hər şey kənardan göründüyü kimi deyil. Klubun problemləri var. Ötən il transfer edib klubu 50 milyon avro borca salardm, amma eləmədim. O zaman komandanın gələcəyi olmazdı. Edilən təhdidlər məni yolumdan qaytara bilməz. Kluba gəldiyim zaman qadınlardan ibarət basketbol komandası yox idi. Ancaq mən gələndən sonra 10 dəfə çempion olublar. Futbol komandasına gəlincə, "Qalatasaray" 13 il çempion ola bilmədi, o zaman nə oldu?"

Ə.Yıldırım azarkeşlərdən də narazılığını ifadə edib. Bəzi azarkeşlər barəsində hüquqi tədbir görüləcəyini bildirib: "100 nəfər gəlib komandanı təhqir edir, yumurta atır. Bizim avtobusumuza silahlı hücum oldu, həmin elanı verənlərdən hansı komandanın arxasında durdu?"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi