​Ernesto Valvarde: "İnter" öz meydanında müdafiə futbolu oynamayacaq"

​Ernesto Valvarde: "İnter" öz meydanında müdafiə futbolu oynamayacaq" "Rəqibimiz hücuma meyil edib, qol vurmağa çalışacaq"
Futbol
5 Avqust , 2015 18:50
​Ernesto Valvarde: İnter öz meydanında müdafiə futbolu oynamayacaq

Bakı. 5 avqust. REPORT.AZ/ "Meydançanı gördük. Əlbəttə, bizim öz stadionumuza oxşamır, çünki bizdə ot örtüyü təbiidir". Bunu bu gün keçirilən mətbuat konfransında İspaniyanın "Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valvarde deyib.

Avropa Liqasının III təsnifat mərhələsində Bakı "İnter"i ilə qarşılaşmadan öncə fikirlərini bildirən baş məşqçi paytaxtda keçən isti hava şəraitindən və sabahkı oyunda gözləntilərindən danışıb: "Bakıda isti hava var. Ancaq oyundan öncə hava şəraitini bəhanə kimi qeyd etmək istəməzdim. Çünki bu hava hər iki komandaya təsir göstərəcək. Yenə meydan amilini qeyd etmək istərdim. Süni ot örtüyü olmasına baxmayaraq futbol topla oynanılır. Məşq zamanı meydançaya uyğunlaşmağa çalışacağıq".

E.Valvarde cavab görüşü haqda bunları bildirib: "Əlbəttə, hər iki oyun fərqlidir. "İnter" ilk görüşə qol buraxmamaq istəyi ilə gəlmişdi, ancaq olmadı. Evdə isə "İnter" müdafiə oyunu deyil, hücuma meyil edib, qol vurmağa çalışacaq. "Osasuna" ilə yoldaşlıq görüşü ilə sabahkı oyunu müqayisə etsək, deyə bilərəm ki, tam fərqli oyunlardır. Çünki biri yoldaşlıq görüşü, digəri isə Avropa Liqasının pley-off mərhələsinə gedən yoldur".

Mütəxəssis əlavə edib ki, təxminən heyəti formalaşdırıb: "Heyətdə hər mövqedə oynayan futbolçularım var. Elə düşünürəm ki, cavab görüşündə o qədər də böyük dəyişiklik etməyə ehtiyac yoxdur".

"İnter"in hazırda yaşadığı maddi problemlər haqda verilən suala isə E.Valvarde bu haqda düşünmədiyini, rəqib qarşısında ayıq-sayıq olmağın zəruriliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi