Yuxarı
    Bağlamaq

    Şotlandiyalı futbolçu: "Azərbaycan Qran-Prisində gördüyüm Bakı məni heyran etdi" - MÜSAHİBƏ

    Şimali irlandiyalı futbolçular Bakı haqqında çox müsbət rəy verdilər və şəhəri bəyəndiklərini söylədilər

    Bakı. 14 iyul. REPORT.AZ/ "Qəbələ" komandasının şotlandiyalı futbolçusu Endi Halidey Avropa Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi "Yagelloniya" ilə heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

    "Report" həmin müsahibəni təqdim edir:

    "Qəbələ"yə gəlməzdən öncə düşündüklərinizlə indi gördükləriniz üst-üstə düşür?

    - Cəmi 10 gündür bir yerdəyik və 3 oyun keçirmişik. Optimal forma üçün bu yetərli deyil. Ona görə də oyunun çətin keçəcəyini bilirdik. Meydanda gücümüzü qoyduq. Baxmayaraq ki, ilk 15-20 dəqiqədə istədiyimizi edə bilmədik. Sonra yaxşı oynamağa başladıq və ikinci hissə daha yaxşı keçdi. İstədiyimiz futbolu sərgiləyə bildik. Hesab edirəm ki, qələbəyə layiq idik. Lakin nəticə bərabərlikdir və bunu qəbul etməliyik. Artıq bütün diqqətimiz cavab matçına yönəlib.

    Rəqibin bizi daha çox fiziki baxımdan üstələdiyini söyləmək olar?

    - Razıyam. Ötən il "Reyncers" komandasında çıxış edən də eyni duruma düşmüşdüm. Həmin vaxtı da formaya düşmək üçün bir neçə oyun lazım oldu. Hər halda bu müvvəqqti durumdur. Vaxt keçdikcə daha yaxşı oynayacağıq.

    Cavab matçı barədə nə düşünürsünüz? Rəqib meydanı olacaq və ilk görüşdəki nəticə də "Qəbələ"yə üstünlük vermir...

    - Təbii ki, çətin olacaq. Ancaq bu gün ikinci hissədə nümayiş etdirdiyimiz futbolu orada da təkrarlaya bilsək, turu keçəcəyik.

    İkinci hissədə "Qəbələ"nin üstün tərəfi nə idi?

    - Topla daha yaxşı oynadıq. Müdafiədə bir qədər də etibarlı davransaq, müsbət nəticə əldə edəcəyimizə inanıram.

    İlk dəfədir Azərbaycandasınız. Ölkə barədə düşüncələriniz necədir?

    - Çox yaxşı təəssüratlarım var. Yaxşı mənada təəccübləndiyimi deyə bilərəm. Azarkeşlərimizin də səsi yaxşı idi, dəstək verirdilər. Onların hər zaman yanımızda olması əladır.

    "Qəbələ"dən təklif alan zaman ilk təəssüratın necə oldu?

    - Açığı, nə ölkə, nə də klub haqda məlumatlı deyildim. Bakı şəhəri barəsində ilk təəssüratım bir neçə həftə əvvəl yaranıb. "Formula-1" üzrə Azərbaycan Qran-Prisini izləyirdim və orada gördüyüm Bakı məni heyran etdi. Təklif gələndə Şimali İrlandiyadan olan həmkarlarımla danışdım. Onlar iyunun əvvəlində Azərbaycan yığmasına qarşı Bakıda oynamışdılar. Çox müsbət rəy verdilər və şəhəri bəyəndiklərini söylədilər. Baxmayaraq ki, burada cəmi iki güm keçirmişdilər. Bu səbəbdən də Azərbaycana gəlmək üçün maneə qalmadı.

    Sizin üçün Bakıda oynamaqla Qəbələdə çıxış etmək arasında fərq var?

    - Bu barədə fikir bildirə bilmərəm. Çünki Qəbələni görməmişəm. Hazırda paytaxtdayam və burada olmaqdan şadam.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi