Emrah Çelikel: Sübut etməliyik ki, bu uğur təsadüfi deyil - MÜSAHİBƏ

Emrah Çelikel: Sübut etməliyik ki, bu uğur təsadüfi deyil - MÜSAHİBƏ "Qarabağ" klubunun direktoru Azərbaycan Premyer Liqasının qalibi olmaları münasibətilə "Report"a müsahibəsi
Futbol
17 May , 2015 04:24
Emrah Çelikel: Sübut etməliyik ki, bu uğur təsadüfi deyil - MÜSAHİBƏ

Bakı. 17 May. REPORT.AZ/ "Qarabağ" klubunun direktoru Emrah Çelikelin Azərbaycan Premyer Liqasının qalibi olmaları münasibətilə "Report"a müsahibəsi:


- Hansı hissləri keçirirsiniz?

- Çempionluq gözəl duyğudur. Şükürlər olsun ki, əziyyətimiz hədər getmədi. Biz çox istədik və işlədik. Başda Qurban Qurbanov olmaqla bütün komandanı təbrik edirəm.

- "Qızıl dubl" haqda düşünürsünüz?

- Ümumiyyətlə, "qızıl dubl" haqda indidən danışmaq tezdir. Sadəcə, kubokun finalında sübut etməliyik ki, bu uğur təsadüfi deyil. Bunun üçün çalışmağımız lazımdır. Mən "Qarabağ"ı ürəkdən dəstəkləyən hər kəsə hörmət və sevgi ilə təbriklərimi çatdırıram.

- Paralel oynanılan "Qəbələ" - "İnter" qarşılaşmasını da izləyirdiniz?

- Əlbəttə, böyük həyəcanla izləyirdik. Onu deyə bilərəm ki, bu gün yaşadığım həyəcanı ötən il yaşamamışdım. Bir gözümüz Qəbələdə, bir gözümüz oyunda idi. Bilmirdik hansına baxaq. PFL-i də təbrik edirəm ki, belə bir maraqlı çempionatın səbəbkarı oldular. Ürəyi "Qarabağ"la döyünən hər kəsi ürəkdən təbrik edirəm.

- "Neftçi" ilə oyun çətin olmayacaq? Çempionluğa görə hardasa rahatlıq yarana bilər...

- Bizim komandamızda böyük nizam-intizam, böyük sistem, baş məşqçimizə bağlılıq var. Bu bağlılıq həm rəhbərlik, həm də futbolçular tərəfindəndir. İnşallah, bu da öz bəhrəsini verəcək və "Neftçi" ilə oyunda nəticəsini görəcəyik. Bu gün kubok oyunu haqda danışsam, böyük səhvə yol vermiş olaram. Çünki biz bu gün cempion olmuşuq, hamımız cox xoşbəxtik. Sabahdan isə kubokun final oyunu üçün hazirlaşan komanda olacağıq. Həmin oyundan sonra həm kuboku, həm də çempionluğu qeyd edəcəyik.

- Bu il "Qarabağ"dan gözləntilər daha da artacaq. Hamı avrokuboklarda ən azı ötənilki uğurunuzu təkrarlamağınızı istəyəcək...

- Biz bunu dərk edirik. Əlbəttə, daha irəli getmək bizim də istəyimizdir. Bunun üçün baş məşqçimizin istəyi əsasında uğurlu transferlər etməyə və komandanı daha da yaxşı vəziyyətə gətirməyə və bizdən gözləniləni artıqlaması ilə verməyə çalışacağıq.

- Bütün futbolçular deyir ki, keçənilki çempionluq daha şirin idi. Ancaq siz bu il daha çox həyəcanlandığınızı dediniz...

- Ötən ilki ilk çempionluq idi. Hər şeyin birincisinin dadı başqadır. O, bizim 6 - 8 illik əməyimizin bəhrəsi idi. Biz həmişə deyirdik ki, cəmi bir dəfə çempion olmaq istəmirik. Biz elə bir komanda yaratmaq istəyirik ki, həmişə çempion olaq. Bu il Qurban Qurbanov düzgün yolda olduğumuzu sübut etdi. Ona inanmaqla düzgün qərar vermişik. Bu sevincin birinci səbəbi Qurban müəllim və onun komandasıdır. Mən onları ürəkdən təbrik edir, bağrıma basıram. İnşallah, kubokun finalında da biz layiqli oyunla layiqli nəticə qazanıb, avrokuboklarda Azərbaycanımızı ən yüksək səviyyədə təmsil edəcəyik.

- Transferlərlə bağlı işlər gedir?

- Bizdə həmişə iş gedir. Ən cətin məqamda da gələcəyə dair işlərimizi buraxmırıq. Ancaq bunun mətbuata sızan və sızmayan hissəsi var. Qurban müəllim çox işləyən, işini sevən insandır. Ancaq biz bunu bəlli bir proqrama daxil etməliyik. Bu gün çempion olmaq istəyən yerdə transferlərimizdən danışmamalıyıq. Ancaq bu o demək deyil ki, transferlərlə bağlı iş getmir. Maraqlandığımız futbolçular var. Son qərar Qurban Qurbanovundur və onun istədiyi futbolçuları heyətimizə qatmağa çalışacağıq.

Son xəbərlər

Orphus sistemi