Yuxarı

Emin Mahmudov: "Zirə"nin futbolçusuna dedim ki, gənclərə belə hərəkətlər yaraşmır"

​Emin Mahmudov: "Rəqibə dedim ki, gənclərə belə hərəkət yaraşmır"

"Çətin oyun oldu. Biz özümüzə çətinlik yaratdıq. 2:0 hesabı ilə önə keçdikdən sonra - ikinci hissədə qol epizodlarımız oldu və yararlana bilmədik. Səhvə görə qol buraxdıq. Amma yaxşı oyun gedirdi. İlk hissədə matç istədiyimiz kimi alınmırdı. Amma ikinci yarıda dəyişdik. Oyunun sonlarında isə yorulmuşduq. Çox pressinq və hücum etmək istəyirdik. Amma yorulduq və qarşılaşmanın ipini bir az əlimizdən buraxdıq".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXIII turunda evdə "Zirə"ni 4:2 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Yarımmüdafiəçi qolları səhvlər üzündən buraxdıqlarını bildirib: "Səhvlər gözlənilmədən olur. Bizə hansısa epizod yaradıb qol vurmadılar. Heç nədən və diqqətsizlikdən top buraxdıq. Axıra kimi çalışırdıq ki, dördüncü qolu da vuraq. Bu da alındı".

Mahmudov "Zirə" ilə görüşlərin çətin keçməsindən də söz açıb: "Zirə" pis komanda deyil. Onlar yaxşı futbol oynayırlar. Başqa rəqiblərə də qarşı baxımlı oyun sərgiləyirlər. Qışdan sonra isə daha da yaxşıdırlar. Ona görə çətinlik yaradırlar".

Oyunçu matçdan sonra baş verən insident haqqında da fikirlərini bölüşüb: "Zirə"nin gənc futbolçusu İlkin Muradov "foul"dan sonra istəyirdi ki, topla Baqali Dabonu vursun. Mən ona dedim ki, belə etmək olmaz. Çünki gənclərə belə hərəkətlər yaraşmır. "Foul"dan sonra topla vurmaq istəyir, rəqibin üstünə qışqırır. Özünü belə aparmaq lazım deyil. Həmin epizoda və o hərəkətə görə çox əsəbiləşdim".

Yarımmüdafiəçi sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı barədə də danışıb: "Vaxt olsa, o oyuna baxacağam. Çünki pasportla əlaqədar Rusiyaya getməliyəm. "Biz "Qarabağ"ın xallar itirməsini gözləmirik. İstəyirik ki, öz xallarımızı yığaq, ondan sonra son matçda qalib gələk".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi