Emin Mahmudov: "Azərbaycanlı futbolçuları hər oyunda fitə basmaq yox, hərdən dəstək də olmaq lazımdır"

Emin Mahmudov: "Azərbaycanlı futbolçuları hər oyunda fitə basmaq yox, hərdən dəstək də olmaq lazımdır" Bakı. 6 oktyabr. REPORT.AZ/ Ağır oyun oldu. Azərbaycanda meydana çıxaraq, onu asanlıqla, bir ayaqla udası kollektiv yoxdur. Sabah da belə komandalardandır. Çalışdıq-vuruşduq və istəyimizə nail olduq.
Futbol
6 Oktyabr , 2018 03:26
Emin Mahmudov: Azərbaycanlı futbolçuları hər oyunda fitə basmaq yox, hərdən dəstək də olmaq lazımdır

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Ağır oyun oldu. Azərbaycanda meydana çıxaraq, onu asanlıqla, bir ayaqla udası kollektiv yoxdur. "Sabah" da belə komandalardandır. Çalışdıq-vuruşduq və istəyimizə nail olduq".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov evdə "Sabah"ı 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra deyib.

Təcrübəli yarımmüdafiəçi digər sualları da cavablandırıb...

İlk dövrəni lider kimi başa vurdunuz. Hazırkı vəziyyətiniz və potensialınız çempionatı da ilk pillədə bitirməyinizə yetərli olacaq?

- Biz yalnız növbəti oyun barədə düşünürük. Bu görüş isə səfərdə "Qəbələ"yə qarşı olacaq. İndidən gələn ilin mayını, həmin vaxt çempion olacağımızı fikirləşməyə gərək yoxdur. Sadəcə, növbəti matça hazırlaşacağıq.

"Qarabağ" ən azı yanvaradək Avropa Liqasında da mübarizə aparacaq. Bu amil komandanız üçün üstünlük ola bilər?

"Qarabağ"ın necə oynayacağını düşünmürük. Öz oyunlarımızda qalib gəlmədən bu komandanı fikirləşsək, heç nəyə nail olmayacağıq. "Qarabağ"ın necə çıxış edəcəyini yox, özümüzün necə oynayacağını düşünməliyik.

Azərbaycan yığmasının Farer adaları və Malta ilə UEFA Millətlər Liqasındakı görüşlərinə dəvət almısınız?

- Hələlik dəvət yoxdur. Bunu Qurban Qurbanovdan soruşmaq lazımdır. Ona görə də çağırılıb-çağırılmadığımı bilmirəm. Dəvət alsam, bütün gücümlə yığmaya qələbə qazanmaqda yardımçı olacağam. Əlbəttə, ağır olacaq. Heç bir komanda ilə asan oyun alınmır. Çalışacağıq.

Bu oyunlardan 6 xal götürmək olar?

- Hər şey mümkündür. Bütün gücümüzü oyuna qoyacağıq. Azarkeşlərimizin dəstəyinə ümid edəcəyik. Anlayırıq ki, hazırda onlar da narazı ola bilərlər. Çünki istədikləri nəticələri göstərmirik. Çalışıb-vuruşacaq, nəyə qadir olduğumuzu göstərəcəyik. Ümidvaram ki, onları sevindirə biləcəyik. Bu, çox vacibdir.

Ramil Şeydayev millidəki komanda yoldaşı Mahir Mədətova dəstək olub. O, Mədətovun ötən gün "Qarabağ"ın İngiltərə "Arsenal"ı ilə Avropa Liqasının qrup mərhələsinin II tur oyununda fitə basılmasının əleyhinə çıxıb. Siz bu barədə nə düşünürsünüz?

- Bu addımın doğru olduğunu deyə bilmərəm. Çünki hər bir futbolçunun pis, oyununun alınmadığı dövrü olur. Mahirin nə mümkündürsə etməyə çalışdığını görürəm. Bəli, ola bilər ki, nə isə alınmasın. Amma o, həqiqətən də pis çıxış etmir. Görünür, hərdən nə isə çatışmır, bəzən oyunu alınmır. Əslində İngiltərə "Arsenal"ına qarşı çıxışı xoşuma gəldi. Bəli, elə epizodlar oldu ki, o, qol vura bilərdi. Lakin "qara zolaq" hamıda olur. Azərbaycanlı futbolçuları hər oyunda fitə basmaq yox, hərdən dəstək də olmaq lazımdır.

Sizi və Ramil Şeydayevi Azərbaycan millisinə cəlb etmək mümkün olsa da, Ayaz Quliyev və Azər Əliyevi çağırmaq hələ də alınmır. Onların da cəlb olunması mümkündürmü və yığmaya köməkləri dəyə bilər?

- Bu, onların öz seçimlərindən asılıdır. Rusiya yığmasını seçsələr, deməli, özləri belə qərar qəbul ediblər. Fikrimcə, onlar daha çox klub karyerasını düşünürlər. Vaxtilə Rusiya Premyer Liqasında çıxış etdiyim vaxt mənim üçün də Azərbaycan millisini seçmək çətin idi. Çünki dərhal Rusiya Premyer Liqasında əcnəbi futbolçu sayılacaq və legioner limitinə düşəcəkdim. Rusiyada legioner kimi oynamaq çox çətindir. Çünki heyətə bahalı əcnəbiləri cəlb etməyə çalışırlar. Nəticədə gənc futbolçunun köklənməsində çətinliklər yaranır. Fikrimcə, Quliyev və Əliyev ən yaxşısını bilirlər. Ən əsası, onların üçün yaxşı olsun. Azərbaycanlı kimi uğurlu nəticələr göstərəcəklərinə ümidvaram.

Son xəbərlər

Orphus sistemi