​Emil Balayev: "Prosineçkinin rəhbərliyi altında uğur qazana biləcəyik " - MÜSAHİBƏ

​Emil Balayev: "Prosineçkinin rəhbərliyi altında uğur qazana biləcəyik " - MÜSAHİBƏ Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Azərbaycan milli komandasının növbəti məşqindən sonra müsahibə verib
Futbol
22 Fevral , 2015 23:19
​Emil Balayev: Prosineçkinin rəhbərliyi altında uğur qazana biləcəyik  - MÜSAHİBƏ

Antalya. 22 Fevral. REPORT.AZ/ Almaniyanın "Ayntraxt" futbol klubunun qapıçısı Emil Balayev Azərbaycan milli komandasının növbəti məşqindən sonra müsahibə verib. Balayev “Report”un Antalyaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb...

- Hava şəraiti ilə əlaqədar millinin düşərgəsinə gec qoşuldunuz. Bununla bağlı nə deyə bilərsiniz?

- Düzdür, bir az yorğunluq vardı. Aeroportda demək olar ki, 1 gün qaldım. Amma komandaya qoşulub, bir məşq keçəndən sonra yorğunluq keçdi. Təlim-məşq toplanışı yaxşı davam edir. Hər şey qaydasındadır. Hazırda toplanışda qapıçı kimi Andrey Popoviçlə mən iştirak edirik. Kimin qapıda duracağına məşqçilər korpusu qərar verəcək.

- Robert Prosineçkinin ilk toplanışıdır. Xorvatiyalı baş məşqçi necə təsir bağışlayır?

- Prosineçki yaxşı mütəxəssislərdən biri sayılır. Gördüyüm qədərilə komandada əhval-ruhiyyə də əladır. Prosineçki yaxşı məşqlər keçir. İnanıram ki, gələcəkdə onun rəhbərliyi altında uğur qazana biləcəyik.

- Alman dilini öyrənməyə başlamısınız?

-Fevralın əvvəlindən almanca dərslər başlayıb. Sadəcə, hələ cəmi 1 dəfə dərsə getmişəm. Həftədə ya 1, ya da 2 dəfə dərslər olur. Deməzdim ki, artıq alman dilini bilirəm. İngilis dilini bildiyimdən, hələlik "Ayntraxt"da bu dildə ünsiyyət qururam. İnşallah, alman dilini də öyrənəcəyəm.

-Almaniyadakı qapıçı məşqləri ilə millidəki məşqlər arasında nə kimi fərqlər var?

- Millidə də yaxşı məşqlər keçilir. Qapıçılarla işləyən məşqçi Faiq Əzizov güclü məşqçidir. Onun məşqləri almaniyalı həmkarlarının hazırlıq prosesindən böyük ölçüdə seçilmir. Millinin məşqləri də yüksək tempdə keçir.

- Millidə qapıçılar arasında böyük rəqabət var. "Ayntraxt"da oyun praktikasından əziyyət çəkməyiniz yığmadakı karyeranıza mənfi təsir edə bilərmi?

- Futbolçunun işi məşqdə özünü hərtərəfli göstərməkdir. Mən həm "Ayntraxt"da, həm də yığmada bunun üçün çalışıram. Son qərarı isə baş məşqçi verir. Əlimdən gələni edəcəyəm ki, hər iki komandada əsas qapıçı olum.

- Qapıçı üçün oyun praktikası böyük rol oynayır...

- Razıyam. Biz sadəcə, öz işimizi görməliyik. Nə bacarırıqsa, hamısını məşqlərdə göstərməliyik.

- Ehtimal varmı ki, "Ayntraxt"ın əsas qapıçısına çevriləsiniz?

- Orada şərait elədir ki, 2 qapıçı ilə - Kevin Trapp və Feliks Vidvaldla rəqabət aparıram. Hər ikisinin 25 yaşı var. Vilvaldın yayda komandanı tərk edəcəyi gözlənilir. Trapp isə 2019-cu ilə qədər müqaviləsinin müddətini artırıb. Ola bilsin, komandada ikimiz qalaq. Mən də məşqlərimi edirəm. Çalışıb, əlimdən gələni edəcəyəm ki, əsas heyətə düşüm.

- "Ayntraxt"ın məşqçilər orpusunun Sizə inamı varmı?

- Bəli, var. Mənə orada gənc oyunçu kimik böyük ümidlə baxırlar. 20 yaşım var. Məndən çox şey gözləyirlər, etimad göstərirlər. Mən də həmin etimadı doğrultmalıyam.

- Bu toplanış FİFA-nın "pəncərə”sinə düşmədiyindən, legioner həyatı yaşayan digər futbolçular milliyə qoşulmadılar. Bu baxımdan, Siz klubunuzla problem yaşamadınız?

- Xeyr. Sadəcə, belə şərt irəli sürdülər ki, ikinci qapıçı zədələnsə, mən dərhal "Ayntraxt"ın düşərgəsinə qayıtmalı olacağam. Bu barədə AFFA-ya məlumat verdilər. Toplanış FİFA-nın "pəncərəsi"nə düşmədiyi üçün bu cür şərt irəli sürdülər. 

Son xəbərlər

Orphus sistemi