Bakı. 1 sentyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov brifinq keçirib. "Report"un məlumatına görə, federasiya rəsmisi Azərbaycan millisinin qarşıdakı oyunları, Bakıdakı stadionların vəziyyəti və futbolun inkişafına dair yeni Dövlət Proqramı layihəsindən danışıb...
- Milli komandanın Xorvatiya və Malta ilə AVRO-2016-nın seçmə qrup matçları öncəsi hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Millimiz təlim-məşq toplanışına bir neçə gün öncə start verib. Bizi sentyabrın 3-də evdə Xorvatiya, sentyabrın 6-da isə səfərdə Malta ilə çox vacib oyunlar gözləyir. Xorvatiya hazırda qrupumuzda lider və favoritdir. İlk oyunda səfərdə 6 qol buraxaraq məğlub olmuşduq. Millimiz Bakıdakı oyuna çox ciddi hazırlaşır. Unutmayaq ki, ardından Malta ilə səfər oyunumuz var. Üç gün ərzində 2 oyun keçirmək asan deyil. Lakin komandamız hazırlaşır. Baş məşqçimizlə də müzakirə aparmışıq. Robert Prosineçki də hazırlıq prosesindən razıdır.
- Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün dəyişdirilmə məsələsi nə vaxt həllini tapacaq?
- Hazırda "Qarabağ" rəhbərliyi,
- Praktika göstərir ki, ot örtüklərinə qulluq edən FSM şirkəti öz işinin öhdəsindən gəlmir və iki ildir komandalarımızı pis vəziyyətdə qoyur. Milli komanda "Bakcell Arena"da oynayacağı halda, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq edir. Bu şirkətlə əməkdaşlıq dayandırılacaq?
- Qaydalara əsasən, komandalar yalnız bir gün qalmış oyunun keçiriləcəyi stadionda məşq etməlidirlər. Əməkdaşlığın davam etdirilməsi isə şirkətin özündən asılıdır. Respublika stadionunun pis vəziyyətə düşməsi barədə bizə siqnal gəlmişdi. Buna görə FSM hazırda diqqət mərkəzindədir. Biz də şirkətə xəbərdarlıq etdik. Baxmayaraq ki, müqavilə FSM-lə Gənclər və İdman Nazirliyi arasında bağlanılıb. İdman ailəsinin üzvü olaraq FSM rəhbərliyinə bildirdik ki, Bakıxanov qəsəbə stadionu, "Bakcell Arena" və digər stadionlarımızda problemlər olsa, əməkdaşlığa son qoyacağıq. Bu, rəsmi xəbərdarlıqdır.
- UEFA nümayəndələrinin Bakı Olimpiya Stadionunda aşkarladıqları çatışmazlıqlar barədə nə deyə bilərsiniz?
- Həmin stadionda I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də atletika yarışları keçirilib. Futbol matçı isə hələ ki, təşkil olunmayıb. Hər bir arenada futbola aid xüsusi tələblər qoyulur. Biz UEFA-ya müraciət etdik ki, Bakı Olimpiya Stadionunu futbol arenası kimi qeydiyyatdan keçirək, artıq milli komandalarımız və növbəti mövsümdən klublarımız da həmin stadionda oynamağa başlasınlar. Bununla əlaqədar UEFA-nın infrastrukturla bağlı nümayəndələrini Bakıya dəvət etdik. Onlar stadiona baxış keçirdilər, bütün nöqsanları qeyd etdilər. Gənclər və İdman Nazirliyi rəhbərliyi ilə də görüş keçirdik. Bəzi məsələlərin həll yolunu tapmaqda nazirlik bizə kömək edir. Əlimizdən gələni edəcəyik ki, qısa zamanda stadion hazır olsun. Artıq gələn ay İtaliya ilə AVRO-2016-nın seçmə qrup matçı həmin stadionda olacaq. Bu, Bakı Olimpiya Stadionunda ilk rəsmi futbol matçı kimi tarixə düşəcək.
- İtaliya ilə qarşılaşmayadək Bakı Olimpiya Stadionunda test xarakterli oyunun olacağını demişdiniz. Belə görüş baş tutacaqmı?
- Yəqin ki, gənclərdən ibarət komandaların iştirakı ilə oyun olacaq. Artıq 5 gündür stadionda təbii ot örtüyü də salınıb. Yoldaşlıq oyunu və ya test xarakterli matç nəyə görə lazımdır? İstərdik ki, medianın yaradılan şəraitdən razı olub-olmadığını, oyundan sonra jurnalistlərin mətbuat konfransı otağına gəlişi üçün nə qədər vaxt lazım gəldiyini öyrənək. Hazırda Bakı Olimpiya Stadionunda media tribunası atletika yarışlarına uyğun olaraq tribunanın sağ tərəfində salınıb. Amma FİFA tələblərinə uyğun olaraq həmin tribuna mərkəzdə olmalıdır. Bunlar daha çox təşkilati xarakter daşıyır və stadionun oyuna nə dərəcədə hazır olduğunu yoxlamaq üçündür.
- Milli komandaların təlim-məşq bazasındakı bütün meydanlar süni örtüklü olacaq?
- Hazırda "Dalğa Arena"nın ərazisində tikilən bazada 3 süni meydança var. Əlavə olaraq təbii ot örtüklü meydança salınır və yəqin ki, ilin sonunadək hazır olacaq.
- Futbolun inkişafına dair yeni Dövlət Proqramı layihəsi nə zaman təsdiqlənəcək?
- Hazırda Dövlət Proqramı üzərində iş gedir. Müvafiq sənədləri Gənclər və İdman Nazirliyinə və digər qurumlara təqdim etmişik. Çox güman ki, ilin sonunadək işlər davam edəcək. Layihənin 2016-cı ilin əvvəllərində təsdiqlənəcəyi gözlənilir. Əvvəlki Dövlət Proqramı ilə müqayisədə yenisi daha konkretdir. 2005-2015-ci illəri əhatə etmiş proqram daha geniş idi və artıq icra edilərək hesabatı da təqdim olunub. Hansı müddəti əhatə edəcəyi bilinməsə də, yeni proqramda konkret məsələlər yazılıb və konkret qurumlara da müvafiq tapşırıqlar veriləcək. Sənəddə təkcə AFFA-nın deyil, Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin də tövsiyələri əksini tapıb.