Yuxarı

Elxan Məmmədov: "Nəyə görə "Qəbələ" qrup mərhələsinə vəsiqə qazanmasın?" - MÜSAHİBƏ

AFFA-nın baş katibi: İnterə sponsorluq edən bankın özü dəyişməyib, rəhbəri dəyişib

Bakı. 24 iyul. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a müsahibəsi:

- "Qəbələ"nin "Çukariçki" ilə cavab görüşünü izlədiniz. Oyunla bağlı fikirləriniz necədir?

- Təkcə “Qəbələ”nin deyil, “İnter”in də belə gözəl nəticə əldə etməsi sevindirici haldır. Ümid edirik ki, növbəti mərhələdə də azarkeşləri sevindirəcəklər. Yeni rekorda imza atmaq "Qəbələ" üçün məqsəd idi. Ümumiyyətlə, futbol komandalarının bir xüsusiyyəti var. Oyunlar gedə-gedə daha da yaxşı vəziyyətə düşürlər. Ötən mövsüm "Qarabağ" oyundan-oyuna daha yaxşı nəticə göstərirdi. "Neftçi" də Avropa Liqasında qrup mərhələsinə düşərkən, get-gedə artırırdı. Ümid edək ki, "Qəbələ" də oyundan-oyuna daha yaxşı çıxış edəcək, hər iki ev oyununda inamlı təsir bağışlayaraq, 2 qol vurduğu kimi, növbəti mərhələlərdə də bundan da artığını edəcək, azarkeşləri, futbol ictimaiyyətini sevindirəcək. Niyə də yox? Nəyə görə "Qəbələ" qrup mərhələsinə vəsiqə qazanmasın?

- "İnter"ə növbəti mərhələdə də AFFA tərəfindən maddi yardım göstəriləcək?

- Bu günədək də "İnter"ə Azərbaycan Beynəlxalq Bankı sponsorluq edir. Yəqin ki, belə də davam edəcək. Mən eşitməmişəm ki, bank klubdan imtina etsin.

- Bankın rəhbərliyində də dəyişiklik olub. Cahangir Hacıyevin əvəzinə Elmar Məmmədov seçilib. Bu dəyişiklikdən nə isə gözləmək olar?

- Hər halda "İnter"ə sponsorluq edən bankın özü dəyişməyib, rəhbəri dəyişib. Sponsorluq müqaviləsi isə davam edir.

- "İnter" Azərbaycan Beynəlxalq Bankının himayəsindədir, yoxsa Cahangir Hacıyevin?

- Bu kluba hər zaman Azərbaycan Beynəlxalq Bankı sponsorluq edib. Lisenziyaya uyğun olaraq, rəsmi sponsor məhz bu bankdır.

- Amma klub prezidenti Georgi Nikolov açıqlamalarında "İnter"lə bağlı Cahangir Hacıyevlə tez-tez görüşdüyünü bildirir...

- Bunu Nikolovun özündən soruşun. Mən onun əvəzinə nə isə deyə bilmərəm. Bəli, biz "İnter"ə köməklik etmişik. Klubda maliyyə problemləri var idi. "İnter" bizə müraciət etdi. Onsuz da bilirik ki, UEFA-dan komandanın Avropa Liqasındakı çıxışı ilə əlaqədar ilin sonunadək müvafiq məbləğ köçürüləcək. Ona görə də AFFA rəhbərliyi qərar qəbul edib ki, problemi uzatmayaq. Komanda üçün çarter reysi təşkil etdik, İslandiyaya gedib-qayıtdılar. UEFA-dan pul gələndə ödədiyimiz məbləği götürərək, qalanını "İnter"in hesabına köçürəcəyik.

- "Atletik"lə səfər oyununa xərcləri də AFFA ödəyəcək?

- Hələ bu məsələ danışılmayıb. Əvvəlki mərhələdə hər şey tez baş verdi. "İnter" səfərə 2 gün qalmış müraciət etdi. Maliyyə problemlərinin olduğunu bildirərək, səfər üçün vəsait ayrılmasını xahiş etdi. AFFA rəhbərliyi də göstəriş verdi ki, müvafiq köməklik göstərilsin. Növbəti mərhələ üçün səfər məsələsinə isə hələlik aydınlıq gəlməyib.

- Bəs, AFFA "İnter"dəki vəziyyətin düzəlməsi üçün hansı addım atmaq niyyətindədir?

- AFFA hər zaman klubları düşünür. Hazırda ciddi problemlər var. Biz də çalışacağıq ki, bu problemi birdəfəlik, uzunmüddətli aradan qaldıraq. Hər şeyin qaydasında olacağına ümid edirəm.

- "Simurq" niyə mübarizəni dayandırdı?

- Bunu klubdan soruşun. Düzdür, AFFA prezidenti Rövnəq Abdullayev "Simurq"un mübarizəni dayandırmayacağını demişdi. Çünki klub rəhbərliyi də bizə eyni sözləri deyirdi. Lakin Peşəkar Futbol Liqasına məktub yazıblar ki, Premyer Liqada iştirak edə bilməyəcəyik. Əlbəttə, biz istərdik ki, "Simurq" fəaliyyətini dayandırmasın, çıxışlarını davam etdirsin. Amma təəssüf ki, alınmadı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi