Yuxarı

Elxan Məmmədov: "Əsas məsələ üç xalın qazanılmasıdır" - MÜSAHİBƏ

Yığma San-Marinoya yaxşı ab-hava ilə gəlib

San-Marino. 3 sentyabr. REPORT.AZ/ "Hər kəs həyacan keçirir. Baxmayaraq ki, San-Marino qrupda olan digər komandalarla eyni deyil. Ancaq bu futboldur və ciddi yanaşmaq, rəqibə hörmət etmək lazımdır. Əsas məsələ üç xalın qazanılmasıdır".

"Report" xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində San-Marino yığması ilə keçiriləcək görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

E.Məmmədovun müsahibəsini təqdim edirik:

Yığmamız DÇ-2018-də ilk oyununu səfərdə San-Marinoya qarşı keçirəcək. Oyun haqqında fikirlərinizi bildirərdiniz. Bu oyundan və seçmə mərhələdən nə gözləyirsiniz?

- Təbii ki, San-Marino ilə oyunda üç xal qazanmalıyıq. Düşünürəm ki, bu üç xal komandanın növbəti oyunlarda daha inamla çıxış etməsi üçün motivasiya olacaq. Bu futboldur, hər şey ola bilər. Ancaq komandamız tam hazırdır. Bir müddət əvvəl təşkil olunmuş təlim-məşq toplanışında milli yoldaşlıq görüşləri keçirdi. Baş məşqçi Robert Prosineçki də komandanın fiziki vəziyyətindən razı qaldığını bildirib. Nəzərə alaq ki, ölkə çempionatı da start götürüb. İki klubumuz isə çox uğurlu nəticə göstərərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bütün bu amilləri nəzərə alsaq, yığma yaxşı ab-hava ilə San-Marinoya gəlib. Biz hamımız ancaq üç xal gözləyirik.

Seçmə mərhələyə AFFA maraqlı bir şüar seçib - "Niyə də yox?!". Bu şüarın məqsədi nədir və nəyə işarədir?

- Əsas məqsəd millinin AÇ-2020-yə vəsiqə qazanmasıdır. Həmin Avropa çempionatının üç oyunu və bir 1/4 final oyunu Bakıda keçiriləcək. İstərdik ki, həmin turnirdə iştirak edək. Əsas məqsədimiz budur. Lakin bu mərhələ hazırlıq kimi də ola bilər. Bu mərhələyə bir şüar düşündük və "Niyə də yox?!" olmasına qərar verdik. Əsas komanda üzvlərindən soruşduq ki, "niyə də yox?" Niyə də bu seçmə mərhələdə yaxşı nəticə göstərməyək?" Düşünürük ki, yaxşı şüardır. Əslində sual formasındadır və müsbətdir. Bu şüarı bütün futbol ailəsi üçün yaratdıq. Sabah da baxaq görək.

Emin Mahmudov və Ramil Şeydayev artıq milliyə cəlb olunub. Onların debüt etməsi üçün meydana çıxması lazımdır. Bununla bağlı baş məşqçi Robert Prosineçki ilə hər hansı bir söhbətiniz olub, yəni əsas heyətdə olmasa da heç olmasa bir dəqiqə meydana çıxsın?

- AFFA rəhbərliyi heç vaxt məşqçilərin işinə qarışmayıb. Bu birbaşa baş məşqçinin işidir. Sabahkı qarşılaşmada onların meydana çıxması və ya ehtiyatda qalmasına baş məşqçi qərar verəcək. FIFA-nin qərarına əsasən, bu futbolçuların millimizdə çıxış etməsinə icazə verilib. İstərdik ki, Şeydayev və Mahmudov yığmada oynasınlar və komandaya faydalı olsunlar. Yaxşı futbolçulardır. Onlar cəmi bir neçə gündür yığmada olsalar da, Prosineçki barələrində artıq müsbət rəy verib.

Yəni yığmanın heyətində meydana çıxsın ki, sabah fikrini dəyişib başqa yerə getməsin...

- FİFA-nın qərarına əsasən, futbolçu 21 yaşadək əsas milli komandada oynamayıbsa, bir dəfə qərarı dəyişə bilər. Hər iki futbolçu da artıq yığmada oynayıblar və indi də qərar veriblər. Artıq bu qərar qəbul edilib.

Sabahkı oyunla bağlı hansı nəticəni düşünürsünüz?

- Hesabı demək çətindir. İlk oyundur və hər kəs həyacan keçirir. Əminəm ki, komanda da həmin hissləri keçirir. Baxmayaraq ki, San-Marino qrupda olan digər komandalarla eyni deyil. Ancaq bu futboldur və ciddi yanaşmaq, rəqibə hörmət etmək lazımdır. Əsas məsələ üç xalın qazanılmasıdır.

Qələbə üçün futbolçulara mükafat vəd olunub?

- Sözün düzü biz bunu müzakirə etməmişik. Komanda özü də bilir ki, AFFA hər zaman əlavə stimul verməyə çalışır.

Sonda baş katib stadiona toplaşan, komandanın məşqini izləyən azsaylı azarkeşlərə təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi